Azərbaycan, Gürcüstan və Rumıniya birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalayıblar

Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi çərçivəsində birgə müəssisəsinin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, anlaşma memorandumu və nizamnaməninyihəsi Neft Şirkəti, Gürcüstan Neft Qaz Korporasiyası və Rumıniyanın "ROMGAS" şirkətinin rəhbərləri imzalayıb. Yaradılan şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, ptensial investorları cəlb edəcək və s. məsələləri həll edəcək. Şirkət Rumıniya qanunvericiliyi əsasında yaradılacaq və Buxarestdə qeydiyyatdan keçəcək. 2010-cu ilin oktyabr ayının ilk dekadasında Buxarestdə hər üç ölkənin işçi qrupu yeni şirkətin əsasnaməsini müzakirə edərək təsdiqləyəcək.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının ilk versiyada həcmi 2 mlrd. kubmetr, ikinci versiyada – 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir. Həcmdən asılı olaraq layihənin dəyəri də 1,2-4,5 mlrd. avro məbləğində dəyişə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə