İqtisadçı ekspert: “Əgər bizim AGRİ layihəsinə marağımız daha çoxdursa, nə fərqi var, biz Nabuccoya deyil, bu layihəyə qoşuluruq” - MÜNASİBƏT

İqtisadçı ekspert: “Əgər bizim AGRİ layihəsinə marağımız daha çoxdursa, nə fərqi var, biz Nabuccoya deyil, bu layihəyə qoşuluruq” - MÜNASİBƏT
"Azərbaycan enerji ixrac edən ölkədir. Lakin həmin qazı ixrac etmək üçün alternativ variantlar lazımdır". Bu sözləri SİA-ya iqtisadçı ekspert Əli Əlirzayev AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinə dair açıqlamasında deyib. O bildirib ki, belə bir layihənin həyata keçirilməsi və Azərbaycanın bu layihədə qaz istehsal edən bir ölkə kimi aparıcı rol oynaması ölkəmiz üçün əhəmiyyətlidir. Layihənin ölkəmizin gələcək iqtisadi inkişafı üçün xüsusi önəm kəsb etdiyini dilə gətirən ekspert söyləyib ki, bu da Azərbaycanın Avropaya inteqrasiyasının bir formasıdır.

Onun sözlərinə görə, AGRİ layihəsi əsasında Azərbaycanın iqtisadi gəlirləri artacaq: "Bu gün Bakıda energetika sammiti keçirilir. Sammitdə Gürcüstan, Azərbaycan və Rumıniya prezidentləri iştirak edirlər. Həmin sammitdə bu layihənin nəqliyyat dəhlizi, nəql etmək üçün infrastrukturunun mövcudluğu və onun ucuz başa gəlməsi halları müzakirə olunacaq. Bu danışıqların təminatı əsasında hüquqi baza yaradılmalı, Azərbaycanın mənafeyini təmin edəcək xətlər müəyyən olunmalıdır".

Bu layihənin ölkəmizin iqtisadi maraqları ilə üst-üstə düşdüyünü dilə gətirən Ə.Əlirzayev bildirib ki, ümumiyyətlə hər hansı bir layihə həyata keçirilməzdən əvvəl geniş müzakirə olunur, bəyəniləndən, müəyyən qərarlar qəbul olunduqdan sonra layihə həyata keçirilir. Onun sözlərinə görə, istər Nabucco, istərsə AGRİ, istərsə də digər bu kimi layihələr iqtisadi maraqlar əsasında həyata keçirilir: "Əgər bizim AGRİ layihəsinə marağımız daha çoxdursa, nə fərqi var biz Nabuccoya deyil, bu layihəyə qoşuluruq. Bu layihələrin hansı daha realdırsa və iqtisadi cəhətdən səmərəlidirsə, o layihə daha qəbul olunandı. Nabucco mübahisəli bir layihədir. Orada hansı ölkələr iştirak edəcək, rəhbər ölkə kim olacaq və digər məsələlər müzakirədədi. Lakin AGRİ layihəsində Azərbaycan aparıcı rolu oynacaq. Bu da bizim üçün iqtisadi baxımdan daha səmərəlidir".

Açıqlaması zamanı Macarıstanın da AGRİ layihəsinə qoşulması ilə bağlı verdiyi təklifə də toxunan ekspert bunu müsbət qiiymətləndirib. O bildirib ki, Avropanın mərkəzində olan bir ölkənin bu layihəyə qoşulması Azərbaycan üçün daha geniş imkanlar açır: "Ümumiyyətlə bu layihəyə daha çox ölkə qoşularsa, həm investisiya, həm kapital, həm də məhsulun yerləşmə məkanı baxımından müsbət haldır. Belə olan halda ölkə qazımız daha çox ölkələrə çıxış qazana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə