Naxçıvan şəhərində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 26-cı iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Naxçıvan Biznes Mərkəzində təşkil olunan iclasa GUAM üzvü olan ölkələrin - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın gömrük orqanlarının rəhbər və məsul şəxsləri qatılıb.
Qeyd edək ki, tədbirdən bir gün öncə Naxçıvan şəhərində GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin işçi qrupunun da iclası keçirilib. İşçi qrupun iclasında GUAM ölkələri arasında ticarət və nəqletməyə yardımla bağlı gömrük xidmətləri tərfindən həyata keçirilməsi nəzərdə tutulan işlərin icra vəziyyəti və üzv ölkələrin gömrük xidmətləri arasında mal və nəqliyyat vasitələrinə aid prosedurların nəticələrinin qarşılıqlı tanınması üzrə sazişın qüvvəyə minməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mal və nəqliyyat vasitələrinin tranzit keçirilməsinə yardım haqqında sazişin və hava nəqliyyatında gömrük hüquqpozmalarına qarşı birgə mübarizəyə dair protokolun layihəsini müzakirə ediblər.
GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 26-cı iclasında öncə GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov çıxış edərək Ticarət və Nəqletməyə Yardım Layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, adıçəkilən layihə gömrük və sərhəd sahəsində fəaliyyətin təkmilləşdirilməsində və müasirləşdirilməsində etibarlı platformaya çevrilib. Vurğulanıb ki, layihə üzrə ardıcıl şəkildə görülən işlər indiyədək istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə mühüm töhfələr verib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin növbəti iclasının Naxçıvanda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib.
Naxçıvanın qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ticarət əlaqələri, gömrük orqanlarının fəaliyyəti barədə məlumat verən Komitə sədri müstəqillik illərində muxtar respublikada bütün sahələrdə tərəqqiyə nail olunduğunu önə çəkib. Qeyd olunub ki, kənd təsərrüfatı və sənayenin dinamik inkişafı, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq öz növbəsində ticarət əlaqələrinin artmasına da münbit şərait yaradıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ilə dünyanın 56 ölkəsi arasında ticarət əlaqələri qurulub. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və makroiqtisadi göstəriciləri barədə məlumat verən iqtisadiyyat naziri Famil Seyidov isə Azərbaycan Respublikasının on iqtisadi rayonundan biri olan Naxçıvanın öz inkişaf səviyyəsinə görə ilk sıralarda olduğunu bildirib. Qeyd olunub ki, 25 il bundan öncə Naxçıvanda 40 sənayə müəssisəsi fəaliyyət göstərirdisə, indi onların sayı 442-yə çatıb. Muxtar respublikanın ixrac potensialına toxunan nazir Naxçıvan məhsullarının dünya bazarında öz keyfiyyəti, ekoloji cəhətdən təmizliyi və sağlamlığı ilə seçildiyini vurğulayıb.
Gürcüstan Respublikası Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, Moldova Respublikası Maliyyə Nazirliyi Menecment İdarəsinin xarici əlaqələr menecmenti şöbəsinin rəisi Dimitriy Volovey, Ukrayna Respublikası Dövlət Fiskal Xidməti yanında Beynəlxalq Məsələlər üzrə Məsləhət Şurasının üzvü Oleq Semeninko, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev ticarət və nəqletməyə yardım çərçivəsində görülən işlərin üzv ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən, gömrük nəzarəti və rəsmiləşdirilməsinin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 26-cı iclasının Protokolunu imzalayan tərəflər hava nəqliyyatında gömrük hüquqpozmalarına qarşı birgə mübarizə, üzv ölkələrin gömrük sərhədlərindən keçirilən mal və nəqliyyat vasitələri haqqında məlumatların əvvəlcədən ötürülməsi ilə məlumat mübadiləsinin həyata keçirilməsinin test rejimində davam etdirilməsi, mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı elektron imzanın qarşılıqlı tanınması və tətbiqi kimi məsələlərdə razılığa gəliblər.
Tərəflər ümumilikdə 10-dan artıq məsələ ilə bağlı razılaşıblar. Sonra iclasda Estoniya-Azərbaycan Ticarət Palatasının sədri Yana Krimpe mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı elektron imzaların qarşılıqlı tanınması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Zaur Qardaşov isə Azərbaycan Rəqəmsal Ticarət Qovşağı layihəsi və ondan istifadə imkanları haqqında təqdimatla çıxış ediblər. GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin 26-cı iclasında Naxçıvanda fəaliyyət göstərən biznes subyektləri də iştirak edib. Muxtar respublikanın xarici iqtisadi fəaliyyət iştirakçıları GUAM-a üzv ölkələrlə ticarət əməliyyatları zamanı qarşıya çıxan çətinlikləri aidiyyəti üzrə gömrük xidməti nümayəndələrinin diqqətinə çatdırıblar.
GUAM Ticarət və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitənin növbəti iclasının bu ilin ikinci yarısında Gürcüstanda keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB