"SOCAR-TURCAS" Birgə Müəssisəsinin idarəçiliyində fəaliyyət göstərən "Petkim" Şirkətinin avtomatika və energetika sistemləri üzrə bir qrup mütəxəssisi "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda olub, yerli mütəxəssislərlə birgə EP-300 kompleksinin nəzarət-ölçü sisteminin yenidən qurularaq, elektron sistemə keçirilməsi, kompressorlarda və istilikdəyişdiricilərdə tutulmaların qarşısının daha effektli və etibarlı şəkildə alınması üçün ingibitorlardan istifadə edilməsi və digər həlli vacib məsələləri nəzərdən keçiriblər. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Petkim"lə "Azərikimya" İB-nin əməkdaşlıq əlaqələri yaxın dövrdə başlasa da, artıq tərəflərin kimya sənayesinin müxtəlif sahələri üzrə mütəxəssislərinin işgüzar görüşləri intensiv xarakter almaqdadır. "Petkim"in avtomatika və energetika sistemləri üzrə təcrübəli mütəxəssisləri Erhan Argünhan, Ahmet Janat və Özcan Özdenin Sumqayıta ötən həftə ölkəmizə gerçəkləşən səfəri "Azərikimya"nın istehsalat sahələrindəki vəziyyətlə yerində tanış olmaqla görüləcək işləri konkret olaraq müəyyənləşdirmək məqsədi daşıyırdı. Onlar yerli mütəxəssislərlə birgə EP-300 istehsalat kompleksinin mərkəzi idarəetmə pultunda və elektrik yarımstansiyalarındakı mexaniki nəzarət-ölçü cihazlarının yeni, müasir tipli elektron cihazlarla əvəz edilməsi məsələlərini nəzərdən keçirib və müvafiq təkliflər irəli sürüblər. İlkin razılaşmaya əsasən yaxın günlərdə "Petkim" Etilen-polietilen zavoduna elektron tipli nəzarət-ölçü cihazlarının ilk böyük dəstini göndərəcək. Onların quraşdırılması isə istehsalat prosesinə mane olmadan mümkün olacaq. "Petkim"in istehsalat, satış və marketinq, həmçinin digər fəaliyyət sahələri ilə yaxından tanış olan "Azərikimya" İB-nin mütəxəssisləri türk həmkarları ilə məsləhətləşmələr əsasında Birliyin digər istehsalat sahələrində də avadanlıqların müasir texniki tələblər səviyyəsində təkmilləşdirilməsini və işin qabaqcıl texnologiyalar əsasında yenidən qurulmasını planlaşdırırlar. "Petkim" və "Azərikimya" mütəxəssislərinin birgə məsləhətləşmələrinin nəticəsi olaraq EP-300 kompleksinin qazayırma, kompressor, istilikdəyişdirici və susoyuducu sistemlərində də təkmilləşdirilmə işləri aparılacaq. EP-300 kompleksinin əsas xammalı - ilkin emal benzini olan nafta ilə yanaşı, "Petkim"lə əməkdaşlıq nəticəsində ilk dəfə olaraq xammal kimi C-4 fraksiyasından istifadə edəcək. Artıq Türkiyə mütəxəssisləri tərəfindən kompleksdə hidrogenləşmə prosesi üzrə sxemlər və müvafiq materiallar da Birliyə təqdim edilib. Yaxın gələcəkdə nafta ilə yanaşı C-4 fraksiyasından da istifadə edilməsi nəticəsində EP-300-ün istehsal gücü də xeyli artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB