"Azərbaycan internetini gözləyən bir sıra təhlükələr və problemlər var". Bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, təəssüf ki həmin problemlər artıq bir neçə gündür ki, hər bir internet istifadəçisini narahat etməyə başlayıb: "Belə ki, Azərbaycan internetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib. Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır.
Birinci olaraq, çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder - Delta Telekom –a olan borcları ilə bağlıdır. Delta xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya məhkəməyə verəcək və s. Güman ki, bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da təbii ki, ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi. Delta-nın onlayn statistikasından ölkəyə daxil olan trafikin dəyişmədiyi göstərilir. Deməli Delta, bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, borcluların trafikini xeyli azaldıb.
İkinci isə, Azərbaycan internetindəki keyfiyyətsizliyin səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsziliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Güman ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat -axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir.
Üçüncü səbəb isə məlum köhnə problemdir. Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri "çəkidə aldadırlar" Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar".
Osman Gündüz qeyd edib ki, hazırda Azərbaycan interneti bütün sahələrə inteqrasiya edib, vətəndaşlar, dövlət qurumları, özəl və qeyri dövlət sektoru internetdən həm, informasiya münasibətlərinin qurulması, həm də digər müxtəlif məqsədlər üçün istifadə edirlər. İnternetin üzərində biznes quranlar, xidmət göstərənlər, təhsil və səhiyyə xidmətləri göstərənlər var.
Odur ki, aidiyyatı qurumlar baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalı, gözləntilərlə bağlı informasiyalar, tövsiyyələr verməlidirlər. Həmçinin provayderlərə ictimai və dövlət nəzarəti gücləndirilməlidir. Monitorinqlər aparılmalıdır. İstifadəçilər də öz provayderlərindən müqavilədə nəzərdə tutulan sürəti daha ciddi tələb etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB