Sədaqət Vəliyeva: "İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz"

Sədaqət Vəliyeva: "İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz"

"Son bir neçə gündür ki, islam dünyasının nəbzi Bakıda vurur". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, bir milyard nəfərə yaxın insan Azərbaycanda keçirilən IV İslam Həyrəyliyi Oyunlarını həyəcanla izləyir, 54 ölkənin vətəndaşları idmançılarına azarkeşlik edirlər: "Məhz, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən açılış mərasimilə IV İslam Həmrəyliyi Oyunlarının tarixə çevriləcək parlaq səhifə yazmış oldu. Əlbəttə ki, dövlətimizin qazandığı ardıcıl uğurlar bizi sevindirdiyi qədər, düşmənlərimizi də məyus edir, hətta ölkəmizə, xalqımıza zərbə vurmağa cəhdlər göstərirlər. Çox təəssüflər olsun ki, anti-Azərbaycan dairələrinə "beşinci kolon", radikal müxalifətə sevinə-sevinə dəstək verirlər. Hətta Rusiyada belə bu ölkə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlarla bir sırada dururlar. Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv edildi. Təbii ki, bu, hər iki ölkənin dostluq münasibətlərinə xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı anti-azərbaycan dairələr, xüsusən erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyirlər. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergi ödəyiciləridir. Eyni zamanda, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır".

Düşünürəm ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin Rusiyada qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir: "Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Burada ölkəmizə qarşı kin və qərəzin də olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycanlıları Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyil! Həmçinin, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır. Rusiyada hüquq təmsilçiləri çalışmalıdırlar ki, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə