Sədaqət Vəliyeva: "“Made in Azerbaijan” brendi dünya bazarlarında layiqli yerini tutacaq"

"Bu gün Azərbaycan iqtisadiyyatı dünyadakı böhranlı vəziyyətə baxmayaraq, inkişaf edir, hətta, şaxələnir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, qlobal böhrandan asılı olmayaraq, ölkəmizdə qeyri-neft sektoru artmaqda davam edir: "Bu da o deməkdir ki, Azərbaycan neftdən asılılığını azaldır, eyni zamanda, ixrac potensiallı məhsulların istehsalını genişləndirir. Artıq Azərbaycanda dünya bazarlarında rəqabətə girəcək müxtəlif məhsullar ictimaiyyətə təqdim edilir. Xarici bazarlara çıxarkən müəyyən problemlər üzündən valyuta itkisinə məruz qalırdıq, yaxud məhsulumuzu lazımınca təqdim edə bilmirdik. Məhz, bu cür problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev təqdirəlayiq addım atdı və xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənmə qaydasını təsdiqlədi və müvafiq istiqamətdə işlərin görülməsilə əlaqədar Fərman və əlavə göstərişlər verdi. Görülən işlərin nəticəsində artıq bu gün dünya bazarlarına "Made in Azerbaijan" brendi altında məhsullar çıxarılmaqdadır. "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi üçün ölkəmizin təmsilçiləri beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə, həmçinin, beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak edirlər, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə "Made in Azerbaijan" brendinin təşviqi həyata keçirilir, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət mağazalarında "Made in Azerbaijan" rəfləri təşkil edilir, xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində "Made in Azerbaijan" brendi təbliğ olunur. Bütün həyata keçirilən işlər isə əminlik yaradır ki, dövlət və sahibkarların birgə və sistemli fəaliyyəti nəticəsində "Made in Azerbaijan" brendi dünya bazarlarında layiqli yerini tutacaq".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, dövlətin dəstəyilə həyata keçirilən bu tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı dövlətlərin əmtələrilə rəqabətə girəcək, dünyada "Made in Azerbaijan" brendi dünya bazarlarında xüsusi yer tutacaq. Bu da əlbəttə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, ölkəmizə əlavə valyutanın daxil olmasına, yeni iş yerlərinin açılmasına yol açacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...