Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti ilə İtaliyanın "IDROMECCANICA LUCCHINI SpA" şirkəti arasında Azərbaycanda tərəvəz məhsulları istehsal edəcək müasir istixanaların tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb. SİA-nın verdiyi məlumata görə, ASC-nin mətbuat xidmətindən bildirilib ki, Memorandumu Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və İtaliya şirkətinin satış meneceri Cesare Ghizzi imzalayıblar.

İmzalanmış Memoranduma əsasən, İtaliya şirkəti Azərbaycanda istixanaların tikintisi, birgə idarəedilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri texniki biliklərin verilməsini həyata keçirəcək.

İtaliya tərəfi "Lucchini-Az" şirkəti təsis edəcək və layihənin həyata keçirilməsi üçün "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC ilə "Lucchini-Az" şirkəti arasında birgə müəssisə yaradılacaq.

Cəmiyyət layihənin icrası üçün lazım olan bütün zəruri işləri - su, elektrik, yol üçün əlverişli olan bütün məsələlərin həllini öz üzərinə götürüb.

İnfrastrukturun yaradılması üçün xərclər, razılaşdırmalar, müqavilə imzalandıqdan sonra nəzərə alınacaq. İlkin mərhələdə istixana komplekslərinin qurulmasına 30 milyon avro dəyərində sərmayə qoyulması nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra ASC rəhbərliyi və İtaliya şirkətinin nümayəndələri istixanaların qurulacağı ərazilərə baxış keçirərək məsləhətləşmələr aparıblar. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən ərazi xarici qonaqlar tərəfindən istixana kompleksinin qurulması üçün uğurlu seçim kimi qiymətləndirilib.

Qeyd olunub ki, İtaliyanın " IDROMECCANICA LUCCHINI SpA" şirkəti bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının innovasiyalı texnologiyalara əsaslanaraq yetişdirən istixana komplekslərinin qurulması işlərini icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...