“Avanqard CXM”-nin akkreditasiyasının müddəti dayandırılıb

"Avanqard CXM" MMC-də aparılan inspeksiya nəzarəti nəticəsində aşkar olunan nöqsanlara görə, akkreditasiya attestatının qüvvədə olma müddəti dayandırılıb.

Bu barədə SİA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, "Avanqard CXM" MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında aprelin 3-də inspeksiya nəzarəti həyata keçirilib.

İnspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər" standartının tələblərinə uyğunluğu qiymətləndirilmiş və bir sıra nöqsanlar aşkar edilib. "Avanqard CXM" MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilmiş, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən "Avanqard CXM" MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasın akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...