İqtisadçı: “Qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi artıq 70%-ə çatıb” MÜNASİBƏT
"Hazırda dünya iqtisadiyyatında keyfiyyətcə yeni dəyişikliklər baş verməkdədir. 4-cü sənaye və ya rəqəmsal inqilabın baş verdiyi bir dövrdə iqtisadi subyektlər arasında münasibətlər, onların xarakteri və rəqabət üstünlüklərinin mənbələri dəyişməkdə və bir çox hallarda gözlənilməz xarakter almaqdadır. İnformasiya texnologiyalarının tətbiqinin rəqabət üstünlüyü yaratdığı bir dövrdə neftin dünya bazarında qiymətlərinin kəskin düşməsi, enerji mənbələri kimi alternativ enerjilərdən geniş istifadə olunması iqtisadiyyatların tsiklik inkişaf dövrlərinə də təsir edib". Bunu SİA-ya açıqlamasında iqtisadçı-eskpert Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının bir parçası olan və indiyədək dinamik inkişaf yolu keçən Azərbaycan iqtisadiyyatı da bu təsirlərə məruz qalmaqdadır: "Qlobal təsirlərin milli iqtisadiyyata təsirini önləmək üçün hələ 2004-cü ildən Azərbaycan Prezidentinin sərəncamı ilə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" həyata keçirilir, neft ixracından əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına və buna zəmin yaradan əsas infrastruktur layihələrinə yönəldilir. Məhz bu önləyici təsirlər nəticəsində ölkə iqtisadiyyatı 2008-ci ildə baş verən və bir çox ölkələri əhatə edən iqtisadi böhrandan uğurla keçdi.
Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ixracın neftdən asılılığının azaldılması, Azərbaycanda istehsal olunan məhsulların ixrac edilməsi üçün müxtəlif təşviq mexanizmləri tətbiq olunmağa başlanılmışdır. Kənd təsərrüfatı istehsalçılarının vergidən azad edilməsi, texnologiya idxal edən və istehsal ilə məşğul olan sahibkarların vergi və gömrük rüsumlarından 50% azad olunması, kənd təsərrüfatı istehsalçılarına 70% güzəştlə gübrənin, 40% güzəştlə maşın və texnikanın verilməsi, sahibkarlara güzəştli kreditlərin ayrılması, dövlət orqanlarının öz ehtiyacları üçün milli ərzaq məhsulu alış sisteminin yaradılması, vergi borclarının bağışlanılması, sahibkarlıq fəaliyyətində bütün növ yoxlamaların dayandırılması, ixracın təşviqi mexanizmlərinin yaradılması, xarici ölkə səfirliklərində ticarət nümayəndələrinin təşkil edilməsi və s. kimi çoxsaylı tədbirləri nümunə kimi söyləmək olar.
Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə iqtisadiyyatın qısa, orta və uzun müddətdə dayanıqlı inkişafını təmin edəcək tədbirlər toplusu öz əksini tapıb. Qeyd etmək istərdim ki, görülən tədbirlərin nəticəsində artıq 2017-ci ildən başlayaraq Azərbaycanda ÜDM-in sabit artımı proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi artıq 70%-ə çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB