İqtisadiyyatımıza investisya qoyuluşu artıb TƏHLİL

İqtisadiyyatımıza investisya qoyuluşu artıb TƏHLİL

Xarici investisiyaların iqtisadiyyatımıza cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Xarici investisiyaların birbaşa ölkəyə gəlməsi həm valyuta axınının ölkəyə daxil olmasına, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradır. Belə ki, ölkəmizdəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırır. Bu göstərici üzrə ölkəmiz dünya miqyasında seçilir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən, makroiqtisadi mühitin sabitliyi üzrə Azərbaycan dünyada 9-cu yerdədir. İqtisadiyyatın qlobal rəqabət qabiliyyəti üzrə Azərbaycan 144 ölkə arasında 38-ci, MDB məkanında isə artıq 6-cı ildir ki, 1-ci yeri tutur. Bununla yanaşı, investorların cəlb edilməsin digər səbəbi də, neft və qeyri-neft sektorundakı inkişafdır.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur: Bunlardan biri Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 13 yanvar tarixli 952 nömrəli Sərəncamı ilə təsdiq etdiyi "İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu" və Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu"-dur.

Bundan əlavə iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün dövlətimiz bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Ölkəmizdə mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib, bazar iqtisadiyyatı prinsipləri formalaşıb. Bu görülən işlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırıb. Belə ki, sahibkarlıq inkişaf etdirilir, biznes mühiti daha da yaxşılaşdırılır, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülür. Bir sözlə iqtisadiyyatımıza investorların və investisiyaların cəlb olunması məqsədilə "açıq qapı" siyasəti həyata keçirilir.

1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların 25,5 milyard dolları qeyri-neft sektorunun, 37,5 milyard dolları isə neft sektorunun inkişafına yönəldilib. Qeyd edək ki, qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir. Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında qonşu və qardaş ölkə olan Türkiyənin rolu əvəzsizdir. Türkiyə şirkətləri və sahibkarları Azərbaycan bazarında daha fəaldırlar. Belə ki,Türkiyədən olan sahibkarların payı 27,6% təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 11,7%, Rusiya üzrə 6,8%, İran üzrə 6,2%, ABŞ üzrə 5,9%, Almaniya üzrə isə 2,9%- təşkil edir.

Qeyd edəki ki, ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti dünyanın 20 ən böyük ölkəsi sırasındadır. Onların arasında Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Almaniya və digər ölkələr var. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırıb. Onu da qeyd edim ki, hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36%-i Türkiyə, 8,3%-i Rusiya, 7,8%-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə