Tahir Mirkişili: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb”

Tahir Mirkişili: “Azərbaycan və İran arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb”

"Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əməkdaşlıq müstəvisində böyük irəliləyişlər var.

"Keçən il, iki dövlət arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb və İran Azərbaycana dərman və avtomobil istehsalının təşkili üçün investisiya yatırmağa başlayıb. Eyni zamanda, Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadıb və müştərək Azərbaycan-İran komissiyasının aktiv fəaliyyəti mühüm nəticələr əldə etməyə səbəb olub. Azərbaycan Prezidentinin təşəbbüsləri ilə yaradılan Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı səmərəli şəkildə region ölkələri üçün öz nəticələrini verir. Bu dəfəki səfər zamanı prezidentlər yeni bir üçtərəfli əməkdaşlıq formatının, Azərbaycan-İran-Gürcüstan formatının yaradılmasını müzakirə ediblər. Şimal-Cənub nəqliyyat dəhlizinin tam işə düşməsi üçün Astara-Rəşt dəmiryolunun tikintisində Azərbaycanın da iştirakı ölkəmizin tezliklə bu dəhlizin tam fəaliyyətinə verəcəyi mühüm tövhə olacaq. Xəzər dənizində əməkdaşlığın davam etdirilməsi, regional təhlükəsizlik məsələlərində Azərbaycan-İran münasibətlərinin uzlaşdırılması mühüm hadisədir və Azərbaycan Prezidentinin bütün bu məsələləri İran tərəfi ilə qarşılıqlı əməkdaşlıq şəklində müzakirəsi bu səfərin əsas məqsədlərindən biri idi. Fikrimcə, görüş yüksək məhsuldarlığı ilə yadda qaldı"-deyə, millət vəkili sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə