İƏT-in 13-cü Sammiti ölkəmizə nə verəcək? RƏY

İƏT-in 13-cü Sammiti ölkəmizə nə verəcək? RƏY

"Azərbaycan Pakistan arasında daim strateji müttəfiqlik münasibətləri mövcud olub. Bunun nəticəsidir ki, Azərbaycanın çox yaxın müttəfiqlik etdiyi ölkələrlə danışıq və razılaşmaları məhz Pakistanda əldə olunub. Bütün bunlar Azərbaycan-Pakistan arasında münasibətlərin kifayət qədər dərin olduğuna dəlalət edir. İki ölkə arasında olan sıx münasibətlər həm siyasi, həm də iqtisadi müstəvidə müsbət nəticələrin əldə olunacağına zəmin yaradır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Əliyev deyib.

Ekspert bildirib ki, sözlərinə görə, Azərbaycan Prezidentinin Pakistana səfəri, eləcə də İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitinə qatılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

İqtisadi Əməkdaşlıq Təşkilatın çox böyük layihələr həyata keçirdiyini deyən E. Əliyev söyləyib ki, bu baxımdan Azərbaycanın həmin qurumla əməkdaşlıq imkanlarının genişləndirilməsi çox önəmlidir: "Təşkilatda Orta Asiya və yaxın Şərq ölkələri təmsil olunmaqla yanaşı, burada nəqliyyat, kommunikasiya, energetika, investisiya, ticarət, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və sənaye, səhiyyə və digər sahələr üzrə ixtisaslaşan qurumlar var. Bundan əlavə, təşkilat çərçivəsində Ticarət və İnkişaf Bankı, sığorta, ticarət palatası, aviaşirkət və digər müəssisələr yönləndirilir. Bunların hamısı bu gün Azərbaycana tələb olunan, ölkə başçısının sərəncamı ilə təsdiqlənən Strateji Yol Xəritəsinə uyğun olan istiqamətləri əhatə edir. Belə olan halda, təşkilatla bu səpkidə danışıqları, əməkdaşlıq imkanlarını genişləndirmək çox önəmlidir. Bu baxımdan Sammitin mühüm nəticələrlə yekunlaşacağı gözlənilir".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə