Qaz hasilatı artacaq, neft isə azaldacaq

Qaz hasilatı artacaq, neft isə azaldacaq

Azərbaycan 2017-ci ildə təbii qaz hasilatını artırmağı, neft hasilatını isə azaltmağı planlaşdırır. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev "Natural Gas World"ə müsahibəsində deyib.

Nazir deyib ki, 2017-ci ildə ölkədə təbii qaz hasilatının 0,8 faiz artaraq 29 milyard 561 milyon kubmetr olacağı nəzərdə tutulur. 2016-cı ildə Azərbaycanda 29 milyard 331,3 milyon kubmetr təbii qaz hasil edilib. Bu həcmin də 18 milyard 714,7 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib. Cari il yanvarın 1-nə yeraltı qaz anbarlarında saxlanılan qaz isə 1 milyard 167 milyon kubmetrə çatıb.

Natiq Əliyev bildirib ki, Azərbaycan "Şahdəniz-1"dən hasilatı artırmağı planlaşdırır. 2017-ci ildə "Şahdəniz-1"dən hasil ediləcək qazın 10 milyard kubmetrdən çox olacağı nəzərdə tutulur. Bununla yanaşı, gələn il "Şahdəniz-2" üzrə ilkin hasilata başlanılacaq.

"Azərbaycan neft hasilatının azaldılması sazişinə tam sadiqdir. Bu il yanvarın 1-dən etibarən ölkədə gündəlik neft hasilatı 35 min barrel azalıb", - deyə nazir əlavə edib.

2016-cı ildə Azərbaycanda 41 milyon 29,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə