İqtisadçı: "İdxal inflyasiyası istehlak bazarında qiymətləri müəyyənləşdirəcək" AÇIQLAMA

İqtisadçı: "İdxal inflyasiyası istehlak bazarında qiymətləri müəyyənləşdirəcək" AÇIQLAMA

"Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında 2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı proqnozları birbaşa manatın məzənnəsi nəzərə alınaraq əldə edilib. Ancaq Dünya Bankının proqnozlarının özünü doğrultmasını gözləmirəm". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, manatın məzənnəsinin azalması nəticə etibarilə idxal inflyasiyasını artırır: "Əgər 2017-ci ildə manatın dollara nisbətdə məzənnəsində dəyişikliklər kəskin olmasa, bir rəqəmli inflyasiyaya nail olmaq mümkün olar. Bu il manatın dollara nisbətdə məzənnəsində daha çox dəyişikliklər olsa, inflyasiya səviyyəsi daha yüksək olacaq. Buna görə, 2017-ci ildə qiymət artımları birbaşa idxal inflyasiyasından asılı olacaq. İdxal inflyasiyası istehlak bazarında qiymətləri müəyyənləşdirəcək".

İqtisadçı 2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin Dünya Bankının hesabatında göstərildiyi kimi proqnozlaşdırmadığını bildirib: "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində 2017-ci ildə liberal məzənnə siyasətinə keçid nəzərdə tutulub. Burada məsələ ondan ibarətdir ki, real sektora daha çox vəsaitlərin cəlb edilməsi, sərmayə qoyuluşlarının artırılmasına nail olmaq mümkün olsun. Liberal məzənnəyə keçirilirsə, inflyasiya səviyyəsi dünya bankının proqnozlaşdırdığından daha çox olacaq. 2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi böyük ehtimalla təxminən 8 faiz ətrafında qeydə alınacaq. İnfilyasiya səviyyəsinin optimallaşdırılması əsas götürülsə də, real sektorun canlandırılması da əsas hədəfdir. Aydındır ki, real sektorun canlanması sərmayə qoyuluşları hesabına mümkündür. Bu da təbii ki, inflyasiya yaradıcı effektə malikdir. Bu baxımdan gözləmirəm ki, 2017-ci ildə Azərbaycanda Dünya Banknın proqnozlaşdırdığı kimi kifayət qədər aşağı səviyyəli inflyasiya qeydə almaq mümkün olacaq. Daha uyğun proqnoz, bu il inflyasiya səviyyəsinin təxminən 8 faiz ətrafında olmasıdır".

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında 2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 2,4, 2018-ci ildə isə 2,1 faiz olacağı proqnozlaşdırılır.

Daha əvvəl Dünya Bankı 2017-ci ildə istehlak qiymətlərinin 4,1 faiz artacağını proqnozlaşdırmışdı.

Hesabatda qeyd olunur ki, bank Azərbaycanda inflyasiyanı 2016-cı il üçün 12 faiz səviyyəsində proqnozlaşdırıb. Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində Azərbaycanda istehlak qiymətləri və xidmət tarifləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.

Azərbaycan hökumətinin hazırladığı sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsinə əsasən, 2017-ci ildə inflyasiya 7,3, 2018-ci ildə isə 4,9 faiz proqnozlaşdırılır.

Bundan başqa, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun artımını 2017-ci il üçün 1,2 faiz, 2018-ci il üçün 2,3 faiz olaraq proqnozlaşdırıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu göstəricilər, müvafiq olaraq, 1 və 1,5 faiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə