Milli Məclisin iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Büdcə sistemi haqqında" qanuna dəyişiklik müzakirə olunub. Layihə haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Büdcə sistemi haqqında" qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir.
Layihəyə əsasən, Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək.
Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.
Xatırladaq ki, yuxarıda qeyd olunan qanunun 6.2 maddəsində bildirilir ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. 6.3 maddəsində isə deyilir ki, Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
Bundan başqa, "Büdcə sistemi haqqında" qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.
Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə