"Ümumiyyətlə, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda vergi dərəcələri elə müəyyənləşir ki, xidmət peşə sahibləri vergidən yayınmaqda maraqlı olmasınlar. Məncə Azərbaycanda bu təcrübədən istifadə edilməsinə ehtiyac var və vergi Məcəlləsinə edilən dəyişiklik də buna hesablanıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə xidmət sahəsində çalışan peşə sahibləri üçün vergi dərəcələri bir tərəfdən yüksək müəyyənləşmir, digər tərəfdən də vergidən yayınanlar üçün cəzalar yüksək olur: "Həmin ölkələrdə dövlət həm vergilərin ödənilməsini stimullaşdırır, həm də yayınanlar üçün daha yüksək cərimələr müəyyənləşdirir. Xatırlayırsınızsa, Azərbaycan Prezidentinin avqust ayında vergi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanında məhz patent vergi növünün tətbiq edilməsi nəzərdə tutulurdu. Hansı ki, bu, Rusiyada və digər inkişaf etmiş ölkələrdə də tətbiq edilir. Bunun mahiyyəti ondan ibarətdir ki, xidmət sahəsində çalışan peşə sahiblərinə illik vergi dərəcəsi məbləği müəyyənləşdirilir ki, bu peşə sahibləri vergini ödəməklə il boyu həmin fəaliyyəti həyata keçirə bilirlər. Bu həm dövlət büdcəsinə vəsaitin cəlb etməsinə imkan yarada, həm də bu sahədə çalışan peşə sahiblərinin vergi ödənişlərinə marağın artırılmasına gətirib çıxara bilər. Bu baxımdan hesab edirəm ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra oxşar təcrübənin, eləcə də Azərbaycan Prezidentinin fərmanında əks olunan bu vergi növünün tətbiqinə ehtiyac var".
Məsələnin nəzarət mexanizmi ilə bağlı fikirlərini bidirən iqtisadçı-ekpsert qeyd edib ki, bu, inzibati olmamalıdır: "Bu cür vergiləri büdcəyə cəlb etmək olduqca çətin olduğundan yeni sistemin tətbiqi üçün inkişaf etmiş ölkələrdə olduğu kimi stimullaşdırıcı nəzarət mexanizmindən istifadə edilməsi məqsədəuyğundur. Əslində daha məqsədə uyğundur ki ölkəmizdə də xidməti peşə sahibləri üçün ildə bir dəfə ödənilməsi şərtilə vahid vergi dərəcəsi müəyyənləşdirilsin. Bu tətbiq edildikdən sonra güzəştli vergidən yayınlarla əlaqədar yüksək cərimələr də tətiq edilə bilər ki, vergidən yayınma halları olmasın. Bununla həm xidmət peşə sahibləri vergiyə cəlb olunacaq, həm də onların yayınma hallarının qarşısı alınacaq".
Qeyd edək ki, Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklf olunan dəyişiklik qəbul edilib. Dəyişikliyə əsasən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Toy fəaliyyət növü ilə məşğul olanlar aylıq vergini fəaliyyət göstərdiyi bölgəyə tətbiq olunan vergi əmsalına uyğun olaraq ödəyəcək: "Həmin kateqoriyadan olan şəxslər Bakı şəhəri, kənd və qəsəbələrində 2, Gəncə, Sunmqayıt və Xırdalana şəhərlərində 1,5, Abşeron rayonunun kəndləri və qəsəbələrində, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Naxçıvan şəhərlərində 1, digər rayonlarda isə 0, 5 əmsalına uyğun olaraq vergi ödəyəcəklər.
Bu cür fəaliyyət növləri ilə məşğul olanların ayda sabit olaraq 30 manat, fərdi foto, audio-video xidmətlər sahəsində fəaliyyət göstərənlər ayda 30 manat, çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar 10 manat, fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər, təmizləyicilər ayda 10 manat; nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergiyə cəlb olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB