Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunur
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanun layihəsi 115 yeni maddəni, 83 maddəyə dəyişiklik edilməsini, 3 maddənin isə ləğv olunmasını ehtiva etməklə 201 dəyişiklikdən ibarətdir". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında məlumat verərkən deyib.
Komitə sədri söyləyib ki, təklif olunan dəyişikliklərin 123 maddəsi vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot siyasətinin şəffaflaşdırılması ilə, 34 maddəsi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə, 8 maddəsi isə vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlıdır.
O bildirib ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycan Respublikasında istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib.
Onun sözlərinə görə, eyni zamanda layihə ilə ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur: "Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışının, buğda ununun və çörəyin istehsalının və satışının, quş ətinin satışının isə 3 il müddətində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar da layihəyə daxil edilib.
Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin onların müraciətindən sonra qaytarılması müddətinin 45 gündən 20 günə endirilməsini əks etdirən düzəlişlər, habelə ƏDV tutulan əməliyyatlar aparan digər şəxslər üzrə yaranmış artıq ödəmələr digər vergi öhdəlikləri ilə 3 ay müddətində əvəzləndikdən sonra qalan məbləğin 20 gün müddətində qaytarılmasına dair müddəalar da layihəyə daxil edilib. Qeyd olunan dəyişikliklər vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq. Qanun layihəsinə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 1 aprel 2017-ci il tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 1 yanvar 2018-ci il tarixdən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi ilə bağlı keçid müddəa da daxil edilib".
Hazırda Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB