Samir Şərifov: "Büdcə ilə bağlı təkliflərə mərhələli şəkildə baxılacaq"

Samir Şərifov: "Büdcə ilə bağlı təkliflərə mərhələli şəkildə baxılacaq"

"2017-ci ilin dövlət büdcəsində millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib. Büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir". SİA-nın xəbərinə görə, bunu maliyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat, Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb.

Maliyyə naziri qeyd edib ki, büdcə müzakirələri zamanı Gənclər Fondunun ayrılan vəsaitinin artırılması ilə bağlı təklifi qəbul edilməyib: "Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil. Büdcənin yığcamlaşdırılmasını nəzərə alıb Fonda vəsaitlərin eyni səviyyədə saxlanılmasını ciddi problem kimi qiymətləndirmirik".

Nazir əlavə edib ki, artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək: "Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq. Bu gün təklif olunan dəyişikliklər nəzərə alınmaqla qanun layihəsinə səs verməyə dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə