Vergi Məcəlləsində dəyişikliklə bağlı müzakirələr aparılır
Dekabrın 14-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
SİA-ya bildirilib ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə əvvəlcə gündəlikdəki məsələlərlə bağlı məlumat verib. Deyib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib. Qlobal iqtisadi sarsıntıların, o cümlədən neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini bildirən Z.Səmədzadə vurğulayıb ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür. Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Təqdim edilmiş qanun layihələri son illərdə neftin ucuzlaşması, qlobal sarsıntıların ölkəmizə təsirlərini azaltmağa, davamlı inkişafa xidmət edir.
Vergilər naziri Fazil Məmmədov qeyd edib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB