Komitə sədri: "İqtisadi islahatlar gələn il də davam etdiriləcək"
"Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafeinin qorunmasına xidmət edən siyasət aparır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlementin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Komitə sədri bildirib ki, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün Azərbaycanda sistemli tədbirlər görülür: "Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır".
Onun sözlərinə görə, 2016-cı ildə büdcə proqnozlarının icrası vergi ödəyicilərinə göstəriləcək xidmətlər və vergi inzibatçılığının təkmilləşdirilməsi, sadələşdirilməsi istiqamətində işlər, müasir texnologiyaların tətbiqi, eləcə də şəffaflıq, partnyorluq prinsiplərinə riayət edilərək strateji məqsədlərin yerinə yetirilməsi istiqamətində aparılan funksional və struktur islahatlar gələn ildə də davam etdiriləcək: "Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7 faiz qismində nəzər alınması təklif edilir. Eyni zamanda, büdcə gəlirlərinin 45 faizinin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriləcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5 faiz gəlirlər nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir. Eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar. Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq".
Komitə sədri qeyd edib ki, gələn ilin dövlət büdcəsi də sosial yönümlü olacaq: "2017-ci ilin büdcəsində xərclər 40 faiz olmaqla proqnozlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB