"OPEK-in ümumi neft hasilatının azaldılması barədə qərar qəbul etməsi bu təşkilatın 7 ildən çox müddətdə atdığı ən ciddi addımdır. Bu qərara dünya bazarı optimist münasibət göstərdi. Bir günün içində neftin qiymtində 10 faiz bahalaşma qeydə alındı". Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O, bu qərarın növbəti illərdə neftin qiymətinə necə təsir edəcəyi haqda danışıb: "2008-ci ilin dekabrında keçirilən konfransında OPEK neft hasilatının 2,2 mln barel azalması haqqında qərar qəbul etmişdi. Onda bu qərar öz bəhrəsini vermişdi. Konfransda qəbul edilənləri inqilabi qərar kimi qiymətləndirmişdilər. Çünki, həqiqətən neft hasilatının belə azalması cəmi bir il sonra, 2009-cu ildə neftin qiymətinin artaraq 90 dollara qədər yüksəlməsinə səbəb oldu. Halbuki, 2008-ci ilin dekabrında neftin qiyməti 39 dollara qədər azalmışdı. Hazırda OPEK-in bu addımını ona bənzədənlər var. Ancaq məsələlər o dövrdəki kimi inkişaf etmək gücündə deyil. Çünki, o zamanlarla müqayisədə neftin qiymətinin kəskin artmasının qarşını alan iki yeni faktor var. Birincisi o zaman şist neft gündəmdə yox idi. Həmin vaxtlar şist neftin maya dəyəri 189 dollar ətrafında idi. İndi isə şist neft 40 dollardan yüksək həddə hasil edilir. İkinci amil alternativ energetika ilə bağlıdır. O zaman alternativ energetika enerji idxalçıları olan inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında çox cüzi rol oynayırdı. İndi isə elə ölkələr var ki, onların enerji balansında alternativ energetikanın həddi 40 faizədək yüksəlib. Bu kimi amillər neftin qiymətinin kəskin sürətlə bahalaşmasının qarşısını alır".
İ.Şaban neftin qiymətinin kəskin artmasının qarşısını alan digər amilin dünya iqtisadiyyatının artım tempinin zəifliyi olduğunu bildirib: "Son 5 ildə dünya iqtisadiyyatının artım tempi 3 faizdən yuxarı idisə, artıq bu rəqəm 2,8 fazidir. Bunun gələn il 2,6 faizə qədər azalacağı proqnozlaşdırılır. İstənilən halda brend markalı neftin cari il üçün orta qiyməti təqribən 43,5 dollar ətrafında ehtimal olunur. Gələn il üçün bu qiymətin 20-22 faiz bahalaşması proqnozlaşdırılır. Optimist rəqəm söyləyənlər isə bunun 25 faizi ötə biləcəyini bildirirlər. Yəni neftin qiymətinin 50-55 dollar arasında olan dəhlizə qədəm qoyacağını qeyd edirlər. Bu isə pis artım deyil. Neft şirkətləri, hasilatçı ölkələr üçün minimum 20 faiz gəlirlərin artması çox yaxşı nəticədir. Düzdür, bu, əvvvəlki illərlə - neftin qiymətinin 100 dollar olan dövrü ilə müqayisədə 2 dəfə azdır. Ancaq nəzərə alsaq ki, 2014-cü ildən sonrakı müddətdə ölkələr, şirkətlər özləri neftin aşağı gəlirlərinə kökləyiblər, bu, yeni zamanın çağırışlarında artıq heç də cansıxıcı bir mühit deyil. Bunu artıq ümidlərə doğru atılan addım kimi qiymətləndirmək olar".
Qeyd edək ki, OPEK-in Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələr ümumi neft hasilatının azaldılması barədə qərar qəbul ediblər. Qərara görə, OPEK ölkələri hasilatı sutkalıq 1,2 mln barel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln barelə qədər enəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB