Azərbaycanda Kredit Büroları yaradılacaq

Azərbaycanda Kredit Büroları yaradılacaq

Milli Məclisin bugünkü iclasında "Kredit büroları haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Onun sözlərinə görə, 4 fəsildən ibarət olan qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Həmçinin bildirilib ki, kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazası olacaq: "Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Toplanan məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Kredit bürolarının fəaliyyəti bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək ki, bu da bankların risklərini azaldacaq".

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə