“Azərbaycanda turistlərin istəklərinə uyğun hər bir şərait var” Nazir
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin təşəbbüsü ilə 4-9 oktyabr tarixlərində ölkəmizdə səfərdə olan BƏƏ-nin "Əl-Fəcr" qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin silsilə məqalələri arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə müsahibəsi qəzetin çap və elektron nüsxələrində dərc olunub.
SİA-ya ölkəmizin BƏƏ-dəki səfirliyinən verilən məlumata görə, müsahibəsində nazir Ə.Qarayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin dərinliyini, xüsusən ölkə rəhbərlərini birləşdirən mükəmməl əlaqələri yüksək dəyərləndirərək, günbəgün irəliləyən bu əlaqələrin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı göstərişinin ardınca, ikitərəfli əlaqələrin daha da artacağını gözlədiyini baş redaktorun diqqətinə çatdırıb.
Azərbaycana hər ay 10 min BƏƏ-li turistin səfər etdiyini önə çəkən nazir respublikamızın ümumiyyətlə ərəb turistləri üçün ən ideal istiqamət olması yönündə çalışdıqlarına və təqdim olunan xidmətlərin təkmilləşdirilməsi üzərində daimi işin aparıldığına diqqət yetirib.
Nazir turizm imkanlarımızın təbliği məqsədilə 3 il əvvəl Dubay şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyinin açıldığını nəzərə çatdırıb, ərəb xalqları ilə dinimizin bir və adətlərimizin oxşar olduğunu, o cümlədən xalqımızın qonaqpərvərliyinin özlərini sanki ikinci Vətənlərində olduqlarını ərəb turistlərinə hiss etdirdiyini qabardıb.
Paytaxt Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə suala cavab olaraq, nazir "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğunu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu, eləcə də respublikamızın tolerantlığına dəlalət edən, habelə 743-cü ildə Şamaxı şəhərində tikilən ölkədə ən qədim ibadət evi olan "Cümə Məscidi"ni qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumatlar təqdim edib və "Qobustan" Dövlət Tarixi-Bədii Qoruğunun 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına salındığını və 2009-cu ildə qoruğun nəzdində inşa edilmiş muzeyin dünyada ən gözəl 5 muzey sırasında qərarlaşdığını bildirib. Ə.Qarayev ərəb turistlərinin bəyəndikləri yerlərə nəzər salaraq, bu xüsusda Qusar rayonunda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksini, Qəbələ və Quba rayonlarını misal çəkib, ələlxüsus da əmin-amanlığın və sabitliyin hökm sürdüyü, o cümlədən yaxın məsafədə yerləşən Azərbaycanda ərəb turistlərinin istəklərinə uyğun hər bir şəraitin mövcudluğunu və göstərilən xidmətlərin qiymətlərinin əlçatanlılığını xüsusilə qeyd edib.
Turizm sahəsinə xarici investisiyalara gəlincə, Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi məqsədi ilə qərarını yada salaraq, ərəb və Körfəz sərmayədarlarını turizm obyektlərinə, restoran biznesinə, böyük tələbata malik üç ulduzlu mehmanxanaların inşasına sərmayə yatırmağa dəvət edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət və turizmin təbliğatı sahəsindəki rolu barədə sualın müqabilində nazir son dərəcə xeyirxah şəxsiyyət olan Mehriban Əliyevanın ölkənin həm daxilində, həm də xaricində təhsil və ibadət ocaqlarının inşası kimi xeyriyyə işlərə həmişə xüsusi diqqət ayırdığını bildirib. Heydər Əliyev Fondunun qlobal müstəvidə mədəniyyət və turizm, habelə bir sıra ibadət və arxeolojı obyektlərin təmiri üzrə layihələrin uğurla həyata keçirilməsindəki müstəsna töhfələrini qabardıb, birinci xanımın Azərbaycanla bütün müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi işində nəzərəçarpan rolunu özəlliklə qeyd edib.
Müsahibə əsnasında, nazir Ə.Qarayev, həmçinin dövlətimizin dünya ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olmasının və Prezident İlham Əliyevin bu münasibətlərin hər zaman dəstəklənməsi, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindəki xüsusi rolunu və ali bacarığını vurğulayıb, bunun sayəsində ölkəmizin Cənubi Qafqaz və Orta Asiya regionlarında turizm və mədəniyyətə dair beynəlxalq konqres və konfransların, habelə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi mühüm məkana çevrildiyini baş redaktorun nəzərinə çatdırıb, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinin, həm də 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyət paytaxtı elan olunmasının ərəb turistlərinin növbəti illərdə sayını daha da artıracağına inamını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB