SOCAR İstiqrazlarının təqdimat mərasimi keçirilib YENİLƏNİB

SOCAR İstiqrazlarının təqdimat mərasimi keçirilib YENİLƏNİB

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan SOCAR istiqrazlarını ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri İnam Kərimov və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə təqdimat mərasiminə SOCAR İstiqrazları reklam filminin nümayişi ilə start verilib.

Tədbirdə giriş sözü açan SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, son 9 ildə SOCAR-ın ardıcıl çoxşaxəli investisiya strategiyası nəticəsində şirkətin ümumi aktivləri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb, cəmi kapitalı 6 mlrd. manatdan 14,6 mlrd manata qədər yüksəlib: "Hətta dəyişkən konyuntur şəraitdədə əməliyyat gəlirlərinin sabitliyini təmin edən SOCAR əldə etdiyi maliyyə vəsaitlərini nəhəng və çoxşaxəli investisiya layihələrinə yönəltməklə gələcək mənfəətlərinin bünövrəsini qoymaqdadır. Şirkət investisiya layihələrini maliyyələşdirmək üçün 1mlrd. və 750 milyon dəyərində avrobondlar buraxmış və emissiyalarının tədavül müddətini 10-15 ilə qədər nail olub. SOCAR –ın aktivləri beynəlxalq maliyyə və investisiya şirkətlərinin diqqətini cəlb etməkdədir. Ötən il SOCAR Türkiyə Enerji A.Ş" səhmlərinin kiçik bir hissəsi 1,3 mlrd. Dollar dəyərinə "Goldman Sachs" tərəfindən alındı".

R.Abdullayev bildirib ki, ilkin yerləşdirmə (abunə yazılışı) zamanı istiqrazları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. Onun sözlərinə görə, SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağd vəsaitə çevirə bilərlər: "Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda alması mümkündür".

SOCAR prezidenti qeyd edib ki, bu istiqrazlar ölkənin maliyyə bazarında yeni bir başlanğıcdır: "Burada uduzan tərəf yoxdur".

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə diqqətə çatdırıb ki, Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin dövriyyəyə buraxılmasına müsbət yanaşma var: "Səhm buraxmaq üçün korporativ idarəetmə, şəffaflıq, hesabatlılıq tələbləri mövcuddur. Bu gün SOCAR həmin tələblərə cavab verir və səhm buraxmağa hazırdır".

Maliyyə Bazarlarına Nəzarət Palatasın Direktorlar Şurasının sədri Rüfət Aslanlı vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə yüksək tələbat duyulacaq maliyyə alətlərinin Azərbaycanda tətbiqi ilə bağlı bu ilin fevral ayından iş aparılıb: "Bu istiqrazlar hesabına SOCAR-ın qiymətli kağızlarındakı imkanları Londondan Bakıya gətirilib. Bildiyiniz kimi, SOCAR-ın istiqrazları London Fond Birjasında satılırdı. Hazırda isə bu imkan Azərbaycan vətəndaşları üçün yaradılıb. Biz gözləyirik ki, SOCAR-ın növbəti addımı səhm buraxılışı olacaq və bu birinciliyi gözləyirik".

"ASAN Xidmət"in sədri İnam Kərimov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar hesabına Şirkətin törəməsi olan "SOCAR Capital" şirkəti "ASAN Xidmət" ailəsinə daxil olacaq: "ASAN Xidmət" mərkəzlərində istiqrazların satışı zamanı vətəndaşlarla maarifləndirmə işləri də aparılacaq, vətəndaş məmnunluğu təmin ediləcək. Çox şadam ki, Azərbaycanın ən qocaman qurumu ilə ən gənc qurumu arasında belə bir əməkdaşlıq yaranıb".

İ.Kərimov onu da əlavə edib ki, Azərbaycanda ASAN Kommunal Mərkəzlərinin açılaması gözlənilir: "Bu mərkəzlərdə SOCAR-ın tərkibinə daxil olan "Azəriqaz" İstehsalat Birliyinə, eləcə də digər kommunal xidmət qurumları fəaliyyət göstərəcəklər".

Qeyd edək ki, sonda media nümayəndələrini sualları cavablandırılıb və bütün natiqlərin səhnədəki rəmzi İstiqraz Kağızının imzalanması mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə