“Prezident müşavirədə mühüm məqamlara toxundu" ŞƏRH

“Prezident müşavirədə mühüm məqamlara toxundu" ŞƏRH

"Ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında görüləcək işlərlə bağlı mühüm məqamlara toxunub. Belə ki, Dövlət başçısı ölkədə sənayenin inkişafı, kənd təsərrüfatında müəyyən artımın olması, ərzaq təhlükəsizliyinin təmin olunmasının planlarını açıqladı". Bunu SİA-ya Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov müşavirəni şərh edərkən deyib.

Millət vəkili söyləyib ki, Dövlət başçısının müşavirə zamanı dərman zavodlarının tikilməsi məsələsinə toxunması həm Azərbaycan, həm də əhali üçün çox böyük əhəmiyyət kəsb edir: "Bundan başqa turizm sektorunun inkişaf etdirilməsi, ixrac idxal əməliyyatlar ilə bağlı məsələlər haqqında fikirlərini bildirən Azərbaycan Prezidenti bildirdi ki, ixracı stimullaşdırmaq üçün idxalın tərkibində olan bəzi məhsullar Azərbaycanda istehsal edilməlidir. Ölkə rəhbəri müşavirə zamanı müəyyən sahələrdəki ciddi çatışmazlıqlarla bağlı hökumətə tapşırıqlar verdi".

Ölkənin 6 aylıq iqtisadi göstəricilərinə gəlincə, V. Əhmədov söyləyib ki, dünyada gedən prosesləri nəzərə alsaq, vəziyyət o qədər də ürək açan deyil: "Dünyada ciddi iqtisadi böhran gedir. Neftin dünya bazarında qiymətinin ucuzlaşması milli valyutaların da dəyərdən düşməsinə səbəb olur. Problemlərin həddindən artıq olduğu bir zamanda Azərbaycan iqtisadiyyatını da qoruyub saxlamaq çox çətindir. Azərbaycan neft ixrac edən ölkə olduğu üçün milli valyutamız da birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. Belə olanda tənəzzül ölkəmizdən də yan keçmir və iqtisadi göstəricilərin azalmasına səbəb olur. Bütün bunlara baxmayaraq Azərbaycan dövlət başçısı zərərin minimuma endirilməsi istiqamətində mühüm addımlar atır ki, cəmiyyətimiz bu problemlərdən əziyyət çəkməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə