Manat niyə ucuzlaşır? ŞƏRH

"Ümumilikdə Azərbaycan manatının taleyi daha çox ölkəyə daxil olan neft gəlirlərindən və büdcənin durumundan asılıdır. Lakin hazırki durum manatın məzənnəsinin uzun müddət sabit qalacağını deməyə imkan vermir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.

Onun sözlərinə görə, manatın məzənnəsi ən yaxşı halda, indiki kimi az-az ucuzlaşa bilər: "Düzdür, arada müəyyən artımlar ola bilər, lakin ümumilikdə proses manatın tədricən ucuzlaşmasına doğru davam edəcək".

A.Mehdiyev qeyd edib ki, Böyük Britaniyada gedən proseslər dolların bahalaşmasında müəyyən rola malikdir: "Böyük Britaniyanın Avropa İttifaqından ayrılması prosesi ən azı 2 il davam edəcək Bu proseslərin gedişi bu və ya digər formada Amerika və Avropa iqtisadiyyatına təsir edəcək ki, bu da dolların bahalaşmasına səbəb ola bilər. Lakin iqtisadi proseslərə təsir edən tək amil bu olmayacaq. Yay aylarında bir qədər fəallığın azalması müşahidə oluna bilər. Amma payıza doğru iqtisadi fəallıq artdıqca dolların möhkəmlənməsi prosesi getsə, o zaman manatın zəifləməsi sürətlənə bilər".

Neftin dünya bazarındaki qiymətinin manatın ucuzlaşmasına təsirinə gəlincə, iqtisadçı-ekspert söyləyib ki, neftin dünya bazırndakı qiyməti Azərbaycan manatı üçün son dərəcə önəmlidir: "Son zamanlar neftin dünya bazarındakı qiyməti 45-55 dollar arasında dövr edir. Neftin bahalaşması üçün ciddi əsaslar görünmür. Amma ayrı-ayrı hallarda müəyyən siyasi proseslər baş verərsə, o zaman ondan asılı olaraq neftin qiymətinin kəskin ucuzlaşması manatın qiymətinə də təsir edə bilər. Lakin neftin qiyməti hazırki çərçivədə davam edərsə, o zaman manatın qiymətində kəskin dəyişiklik gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə