"İndiki halda baş verən proseslər yaxın günlərdə, ən azı isə yay aylarında kəskin devalvasiyanın başvermə ehtimalını aradan qaldırır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 3-cü devalvasiyanın baş verməsi ilə bağlı xəbərin kökündə Dünya Bankının son açıqlaması dayanır: "Dünya Bankının son açıqlamasında qeyd olunmuşdu ki, Azərbaycan manatının durumu arzu olunandan uzaqdır və ölkədə 3-cü devalvasiya baş verə bilər. Lakin onlar bunun hansı müddətdə baş verəcəyi haqqında hər hansı fikir söyləməyiblər. Dünya Bankı ölkənin valyuta ehtiyatı, bank sisteminin vəziyyəti və digər amillərdən çıxış edərək belə fikir söyləyib. Əlbəttə bu, uzun müddət üçün verilən proqnozdur və yaxın müddətdə 3-cü devalvasiyanın gözlənilməsi ehtimalından danışılmır".
Bu xəbərin ölkədə insanlar arasında narahatlıq yaratdığını dilə gətirən A. Mehdiyev söyləyib ki, burada ən önəmli məsələ siyasi sabitlikdir ki, bu davam etdikcə, gərgin devalvasiyanın olması gözlənilmir: "Azərbaycanda bank sistemində mövcud olan ciddi problemlər hələ də davam etməkdədir. Bu istiqamətdə atılan addımlar bank sisteminin tam sağlamlaşdıra bilməyib. Çünki, bu uzun müddət tələb edən bir prosesdir. Ən önəmlisi ölkədə iqtisadi fəallığın aşağı salınması hesabına valyutaya olan tələbatın səngiməsidir ki, bunun sayəsində bazarda ötən ilin sonlarında və bu ilin əvvəlində müşahidə etdiyimiz gərginlik yoxdur. Ölkədə əsaslı sabitlik olmasa da hazırda bu istiqamətdə sabitliyin hökm sürdüyünü deyə bilərik".
İqtisadçı-ekspert söyləyib ki, Böyük Britaniyada dolların məzənnəsinin qalxması manat üçün təhlükə yarada bilər: "Ölkənin valyuta gəlirini təmin edən sahə hələ ki, neft olaraq qalır. Bizim valyuta ehtiyatımızın taleyi neft gəlirlərindən asılıdır. Belə bir vəziyyətdə manatın məzənnəsi ilə bağlı narahatlıqlar qalmaqdadır. Ancaq indiki halda baş verən proseslər yaxın günlərdə kəskin devalvasiyanın baş vermə ehtimalını aradan qaldırır. Təbii ki, sonrakı mərhələlərdə vəziyyəti dəyişən dolların taleyi olacaq. Bilirik ki, Böyük Britaniyada dolların məzənnəsi qalxmağa başlayıb. Bu, dünya bazarlarına təsir edir və neftin qiyməti düşməyə başlayıb. Əgər bu proses davamlı olarsa, məzənnə kəskin bahalaşıb, neft ucuzlaşarsa o zaman manat üçün təhlükə arta bilər. Amma hazırda Mərkəzi Bankın yürütdüyü siyasət daha çox proseslərə uyğun olaraq məzənnənin azaldılmasına xidmət edir ki, bu da kəskin devalvasiyanın olması təhlükəsini aradan qaldırır. Amma manatın məzənnəsi aşağı düşməkdə davam edə bilər ki, bu da təbii prosesdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB