"Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfrans keçirilib YENİLƏNIB - SƏS TV

"Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfrans keçirilib YENİLƏNIB - SƏS TV

UNEC və Beynəlxalq Avrasiya Fondununun birgə təşkilatçılığı ilə "Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, UNEC-in rektoru Ədalət Muradov, təhsil naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Nobel Sülh mükafatının laureatı Məhəmməd Yunus, universitet tələbələri, KİV nümayəndələri iştirak edib.

Tədbirdə ilk çıxış edən UNEC-in rektoru Ədalət Muradov iştirakçılara Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus haqqında məlumat verərək söyləyib ki, o, sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur və Banqladeşdə yerləşən "Gramen Bankı" və 50-dən çox şirkətin qurucusudur. Rektorun sözlərinə görə, davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizə ən böyük təşəbbüskarlarından biri" adını verib: " 2006-ci ildə Məhəmməd Yunus və "Gramen Bankı" birgə Nobel sülh mükafatına layiq görülüb. 20-dən çox universitetin 55 fəxri adına layiq görülən Məhəmməd 26 dövlətin 112 mükafatını alıb və bu dövlətlərdən 10-u professoru dövlət mükafatı ilə təltif edib".

Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir: "Azərbaycanın müstəqil iqtisadiyyatının əsasını bazar iqtisadiyyatına keçid, müasir iqtisadiyyata inteqrasiya təşkil edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət makroiqtisadi sabitlik, dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb, ölkədə geniş sahibkarlıq təbəqəsi yaradılıb, özəl sektorun ölkənin iqtisadi inkişafında rolu daha da artıb".

Təhsil naziri Mikayıl Cabbarov isə deyib ki, Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib: "İlk planda hər zaman insan kapitalı durur. Ölkədə təhsil sistemi insan kapitalının formalaşdırılmasında xüsusi rol oynayır. Azərbaycanın ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya yenidən tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər böyük əhəmiyyət kəsb edir. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Sosial biznes fəlsəfəsinin cəlbediciliyi cəmiyyəti bütöv və harmonik məhfum kimi görür".

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus isə Azərbaycana ilk dəfə gəldiyini deyib: "Əksər banklar varlı insanlara üstünlük verir. Lakin mən bu yanaşmanı dəyişərək kasıb insanların cəlbedici olduğunu göstərdim. Yaxud da bankların əsas müştərisi kişilər olur. Bunun da əksini edib qadınları bu işə cəlb etdik. Hazırda Banqladeşdə bizim bankımızın (Gramen Bankı) 87 faiz müştərisi məhz qadınlardır. İnsanlar banklara yox, banklar insanların ayağına getməlidir. Bizim 8,5 milyon müştərimiz var. Onların qapılarının ağzında görüşdük və işlərini həll etdik. Ənənəvi banklar zamin olmaqla müştərisinə pul verirlər. Biz bunu da dəyişib girov qoyulmadan kasıb insanlara pul veririk. Amma bunun üçün müştərimizin kasıb olduğunu bilməliyik. Təbii ki, bunu da bilməyə ehtiyac duymuruq, çünki biz kasıb təbəqə ilə işləyirik. Kasıb olsalar da, verdiyimiz kreditləri 95 faiz olaraq geri ala bilirik. Lakin digər bankların zəngin insanlara verdiyi kreditləri geri almaqda çox çətinlik çəkirlər. Bankımız borcalan qadınlar tərəfindən idarə olunur".

Tədbirin davamında Yunus Mərkəzi ilə UNEC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə