Millət vəkillərindən təklif və iradlar

Zahid Oruc: "Yarımçıq layihələr başa çatdırılsın"
Millət vəkillərindən təklif və iradlar

Milli Məclisin yaz sessiyasının son iclasında millət vəkili Zahid Oruc struktur və idarəetmə islahatlarının həyata keçirilməsini zəruriliyindən danışıb. SİA-nın xəbərinə görə, millət vəkili "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsi zamanı ölkənin elektrik enerjisi ilə təmin edən "Azərenerji" ASC-nin dövlət borcunun bir milyard manata yaxınlaşdığını dilə gətirib.

Onun sözlərinə görə, belə bir qrumun idarə edilməsinə yenidən baxılmalıdır: "Qurum özəl idarəetməyə verilməlidir".

Z.Oruc həmçinin ötən ildən yarımçıq qalan layihələrin başa çatdırılmasının vacibliyini də bildirib: "İqtisadi çətinlik dövründə hökumətin gəlirlərə qənaət etməsi başadüşüləndir. Ancaq elə kəndlər var ki, ora qaz xətti çəkilib və demək olar ki, işin 90 faizi görülüb, amma yarımçıq dayandırılıb. Heç olmasa yarımçıq layihələr başa çatdırılsın".

Millət vəkili son dövlər ölkədən Gürcüstana axan maliyyə resursları barədə də danışıb. Onun sözlərinə görə, Gürcüstan bizdən zəif ölkə olsa da orada olan iqtisadi cəlbedicilik maliyyəni bu ölkəyə axıdır: "Gürcüstana maliyyə təkcə Azərbaycandan deyil, Türkiyədən də axır. Bunun səbəblərini araşdırmalıyıq".

Daha sonra çıxış edən deputat Əli Məsimli bildirib ki, 2015-ci ilin büdcəsi bir sıra məqamlara görə qaənetbəxşdir: "2015-ci il iqtisadi cəhətdən ağır keçən illərdən biri olsa da, büdcənin qorunub saxlanmasına nail olunub. Bu, o qədər də asan iş deyil və bunu müsbət qiymətləndirmək lazımdır. 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni vəziyyətin yaranması nəticəsində qum saatı işə düşüb. Bütövlükdə vahid maliyyə-pul-kredit siyasətinin həyata keçirilməsi vaxtıdır. Bu böhranlı vəziyyətdən tez çıxmaq üçün koordinasiya gücləndirilməli, maliyyə pul-kredit siyasəti manatın sabitliyi, inflyasiyanın aşağı saxlanması üçün deyil, həmçinin yeni iş yerlərinin açılması üçün də əhəmiyyətli olmalıdır. Lakin bank sistemində mövcüd olan kredit problemləri həll edilmədən sağlamlığa nail olmaq mümkün deyil. Problemin həlli ilə əlaqədar təkliflər hazırlanıb və aidiyyəti srukturlara göndərilib. Onlardan cavab gözləyirik".

Deputat həmçinin son zamanlar bəzi bankların insanların borclarının qaytarması üçün soyğunçuluğu və qeyri-insanı davranışlara əl atmasını da diqqətə çatdırıb. "Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər. Bununla yanaşı, ailə başçılarını itirən şəxslərə dövlət tərəfindən verilmiş müavinətlərini də yüz faiz almağa başlayıblar. Bu qanuna və insanlığa uyğun deyil. Məhkəmələrdə banklara kredit borcunun qayatrılması üçün əmək haqqından 50 faizdən artığını tutmağa icazə verilmirdi. Bəzi banklar bu addımı atır və bu bankçılıq deyil, soyğunçuluqdur".

Bütün xəbərlər Facebook səhifəmizdə