Gəncədə gənclər üçün treninqlər keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 26-da Gəncə şəhəri 3 saylı peşə liseyində, aprelin 27-də isə Azərbaycan Dövlət Aqrar Universitetində gənclər üçün treninqlər keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin "Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında" 2016-cı il 24 fevral tarixli Sərəncamına və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, keçirilən tədbirlərin məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və özünüməşğulluğunun təmin edilməsi, onlara gələcək fəaliyyətləri üçün vərdiş və bacarıqların aşılanması, korporativ sosial məsuliyyət haqqında zəruri biliklərin verilməsi, eləcə də Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsidir.

"Biznesin əsasları, təşkili və idarə edilməsi", "Azərbaycanın multikulturalizmi insan hüquqları müstəvisində" mövzularını əhatə edən treninqlərdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli istifadə, Azərbaycanın multikulturalizm dəyərləri və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə