Ölkəmizin 5 zonaya bölünməsinin ƏHƏMİYYƏTİ

Ölkəmizin 5 zonaya bölünməsinin ƏHƏMİYYƏTİ

"Azərbaycan faktiki olaraq yeni iqtisadi duruma qədəm qoyur. Bu, əlbəttə ölkə başçısının müvafiq fərman və sərəncamları əsasında həyata keçirilir. Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyəti ilə bağlı imzaladığı fərman da həmin addımlardan biri sayılır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, atılan addımların əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir: "Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, Azərbaycan milli valyutasının 2015-ci ildə 2 dəfə devalvasiyaya uğraması nəticəsində ölkəmizdə iqtisadi islahatlara start verildi. Azərbaycan Prezidenti iqtisadi islahatlarla əlaqədar bir sıra sərəncam və fərmanlar imzaladı ki, həmin sənədlərdən irəli gələn məsələlərlə bağlı Milli Məclisdə bir sıra qanunlara dəyişiklik edildi. Bu addımların davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edildi. Kənd təsərrüfatı və sənaye sahəsinin inkişafı üçün belə addımların atılması, təbliğat işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir".

Ölkə ərazisinin investisiya zonalarına bölünməsini düzgün addım hesab edən millət vəkili bunu aparılan islahatların tərkib hissəsi adlandırıb: "Bundan sonra hansı sahəyə nə qədər vəsait veriləcəyi bəlli olacaq. Son zamanlar sahibkarlara da müəyyən güzəştlər olunur. İdxal məhsullarını artırmaq üçün onlara əlavə olaraq 3 faizlik güzəştlər verilir. Qeyri-neft sektorunda sahibkarlığın ciddi iştirak etməsi mühümdür. Bu baxımdan daha çox kənd təsərrüfatı və sənaye sahələrinə diqqət yetirilir. Hətta sahibkarlar 2 il müddətində yoxlamalardan azad edildi. Bu baxımdan prezidentin imzaladığı fərman, ölkənin investisiya zonalarına bölünməsi mühüm əhəmiyyətə malikdir".

Xatırladaq ki, bir neçə gün öncə prezident İlham Əliyevin imzaladığı fərmanla sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edilib. Fərmana əsasən investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib.

Bununla ölkə ərazisi 5 investisiya zonasına bölünüb.

1. Bakı, Bakı qəsəbələri və Abşeron.

2. Sumqayıt və Gəncə.

3. Naxçıvan.

4. Sərhəd və cəbhəyanı rayonlar.

5. Digər rayonlar.

Prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0.2 - 10 milyon manatdır. Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə