140 mln. ABŞ dolları həcmində kredit

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.

Kredit sazişi ilə bağlı keçirilən görüşdə son illər Azərbaycanda Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.

Daha sonra kredit sazişinin imzalanma mərasimi keçirilib. Sazışi "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko imzalayıblar.

"Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində 140.0 mln. ABŞ dolları həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 mln. ABŞ dollarıdır.

Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldirilməsi nəzərdə tutulub. Bu magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağındam 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ibtexniki dərəcəyə uyğun olaraq yenidənqurulması layihələri daxildir.

Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27.50 m., ayrıcı zolağın eni 5.0 m., hərəkət hissəsinin eni 15 m., çiyinlərin eni isə 7.5 m-dir.

Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-likhissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə - smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29.5 m., ayırıcı zolağın eni 1m, bərkidici zolaq 1.5 m., hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 m., səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə