Rövnəq Abdullayev Assambleya sədri ilə görüşüb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriklə görüşüb. SİA SOCAR-a istinadən xəbər verir ki, görüşdə SOCAR prezidenti Azərbaycan və ABŞ arasında mövcud olan strateji əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb, ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə Azərbaycan arasında dostluq əlaqələrinin qurulduğunu qeyd etdib. İkitərəfli münasibətlərin inkişafında iqtisadi, o cümlədən enerji əməkdaşlığının rolundan söz açan R. Abdullayev Azərbaycanın neft-qaz sənayesinin tarixi və inkişafı haqqında qonaqlara məlumat verib, SOCAR-ın həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrdən, bu layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rol oynadığı qeyd olunub, bu istiqamətdə həyata keçirilən və Xəzər dənizində hasil olunacaq qaz həcmlərinin Avropaya nəqli məqsədini daşıyan "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nevada Ştat Assambleyasının sədri Con Həmbrik Azərbaycana səfərindən, onlara göstərilən qonaqpərvərlikdən məmnunluq hissi ilə danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini, bir sıra səmərəli görüşlər keçirdiyini bildirib. C. Həmbrik təmsil etdiyi ştatın İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu söyləyib, Bakıda keçirdyi görüşlərin bu əməkdaşlıq üçün faydalı olacağına ümid etdiyini deyib.

R.Abdullayev SOCAR və ABŞ-ın mühüm neft-qaz şirkətləri arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib, Amerika şirkətlərinin Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, qeyri-neft sektorunda da uğurla fəaliyyət göstərdiyini bildirib. SOCAR prezidenti Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu, ölkənin milli maraqları çərçivəsində xarici şirkətlərin fəaliyyəti üçün hər cür şərait yaradıldığını qonaqların nəzərinə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...