İqtisadçı-ekspert hökumətin hesabatından danışdı

İqtisadçı-ekspert hökumətin hesabatından danışdı

"2015-ci il heç də asan il olmadı. İqtisadi çətinliklər və devalvasiyanın fonunda atılan ötən il atılan addımları xüsusi qiymətləndirmək olar". Bu barədə SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov ötən gün Milli Məclisdə qəbul edilən Nazirlər Kabinetinin 2015-ci il hesabatı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, 2015-ci ilin ağır il olacağı əvvəlcədən proqnozlaşdırılırdı: "Hətta Prezident İlham Əliyev 2015-ci ilin əvvəlində fikirlərini bölüşən zaman qeyd etmişdi ki, ölkə qənaətə üstünlük verməlidir. Ötən il neftin qiymətinin aşağı düşməsi, dövlət gəlirlərinin azalmasına səbəb oldu ki, bunun da nəticəsində Azərbaycanda 2 dəfə devalvasiya baş verdi. Düşünürəm ki, hökumətin ötən ilki fəaliyyətini qiymətləndirən zaman burada fərqli qurumların fəaliyyətini ayrıca qiymətləndirməyə ehtiyac var".

V. Bayramov qeyd edib ki, 2015-ci ili sahibkarlığın dəstəklənməsi üçün islahatların başlanğıcı ili kimi qiymətləndirmək olar: "Belə ki, 2015-ci ildə ölkə başçısı sahibkarlıq subyektlərinə müdaxilələrin azaldılması və 2 il müddətində yoxlamaların dayandırılması ilə bağlı fərman imzaladı. Həmçinin ötən il lisenziya sisteminin vahidləşməsi, elektron lisenziya portfelinin formalaşması ilə bağlı mühüm addımlar atıldı. Lisenziya almaq üçün tələb edilən prosedurlar kəskin şəkildə aşağı salınması sahibkarların lisenziya almaq imkanları genişləndirilməsinə səbəb oldu. 2015-ci ildə elektronlaşma ilə bağlı proseslər davam etdirildi ki, bu da sahibkar məmur ünsiyyətinin azaldılması baxımından vacib idi. Bir sözlə deyə bilərik ki, ötən ilin iqtisadi çətinliklərinə baxmayaraq, sahibkarlığın dəstəklənməsi sahəsində xüsusi iradə nümayiş etdirildi, bu istiqamətdə real addımlar atıldı. Bu baxımdan hökumətin ötən ilki fəaliyyətini qənaətbəxş hesab etmək olar. İqtisadi çətinliklər və devalvasiyanın fonunda Azərbaycan Prezidentinin siyasi iradəsi ilə atılan addımlar yüksək qiymətləndirilməlidir".

İqtisadçı-ekspert vurğulayıb ki, 2016-cı il də Azərbaycan üçün asan il olmayacaq: "Bu baxımdan 2015-ci ildəki tendensiyanı davam etdirilməsi zəruridir. Hökumət bu il də bank, sığorta, maliyyə sektorunda müşahidə edilən çətinlik və problemləri aradan qaldırılması istiqamətində addımlarını davam etdirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə