Tvinninq layihəsi yekunlaşıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsinə dəstək adlı Tvinninq layihəsinin yekun mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) aparat rəhbəri Arif Əşrəfov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb. Bundan öncəki Tvinninq layihələri haqqında məlumat verən Aparat rəhbəri bildirib ki, ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırılıb, ölkə rəhbərliyi tərəfindən institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb.

Arif Əşrəfovun sözlərinə görə uğurla yekunlaşan bu Tvinninq layihəsinin əsas məqsədi standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi idi. Tvinninq layihəsində keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və s. komponetlər öz əksini tapmışdır ki, nəticədə bir çox işlər görülüb.

Belə ki, uğurlu əməkdaşlıq nəticəsində "Texniki tənzimləmə haqqında" Qanun layihəsi Avropa İttifaqı təcrübəsinə uyğunlaşdırılıb. Qanun layihəsinin son versiyası müvafiq qurumlarla razılaşdırılaraq Prezident Administrasiyasına təqdim olunub.
"Standartlaşdırma haqqında" yeni Qanun layihəsi də təkmilləşdirilərək, layihəsinin son versiyası müvafiq qurumlarla razılaşdırılaraq Hökumətə təqdim olunub. Bundan başqa məhz Tvinniq proqramı çərçivəsində SMPDK tərəfindən əlaqələndirilən standartlaşdırma üzrə Texniki Komitələrin yaradılması və fəaliyyətin təkmilləşdirilməsinə dəstək verilib, standartların məlumat bazasının yaradılması və standartların satışı sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair ətraflı məlumatlar təqdim edilib.

Sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq qurumunun rəhbəri cənab Jeroen Vilyams təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən cənab Jeroen Vilyams standartlaşdırma sahəsinin inkişafında Tvinninq layihəsinin rolunu da vurğulayıb. Aİ-nın nümayəndəsi bundan sonra da Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması prosesində Avropa İttifaqının yaxından iştirak edəcəyinə, lazımi dəstəyin verilməsinə əminliyini bildirib.

Çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini cənab Stefan MakKormik, Fransanın Azərbaycandakı səfirliyinin 1-ci məsləhətçisi xanım Fabiyan Drout-Lozinskiy və Sloveniya Respublikasının ölkəmizdəki səfiri cənab İqor Juk Azərbaycan hökümətinin keyfiyyət infrastrukturu sahəsinin Avropa standartlarına uyğunlaşdırılmasında maraqlı olduğunu bildiriblər. Yekunda proqramın icrası ilə bağlı 4 nəticə təqdim edilib. Bunlar Keyfiyyət infrastrukturunun tənzimləyici çərçivəsinin Aİ və ÜTT tələblərinə görə uyğunlaşdırılması, SMPDK-nın nəzdində Azərbaycanın ölkə üçün spesifik milli maraqlarının beynəlxalq və Avropa səviyyəsində standartlaşdırılmasında iştirakını əlaqəndirəcək Texniki Komitələrin (TK-lər) yaradılması və fəaliyyət göstərməsi , Azərbaycan standartlarından ibarət məlumat bazası və standartların satışı üzrə müasir sistemin yaradılmasıdır.

Məlumat üçün bildirək ki, Aİ və SMPDK-nın birgə icra etdikləri Tvinninq layihəsi Böyük Britaniya, Fransa və Sloveniya ölkələrinin qurumlarının yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə