Xaçmazda sahibkarlarla görüş keçirilib

Xaçmazda sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə bu məqsədlə növbəti işgüzar forum martın 10-da Xaçmaz rayonunun Arzu qəsəbəsində keçirilib.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

150-yə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan süd emalı zavodunun, müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavoduna və tutumu 10 min ton olan taxıl anbarında aparılan son tamamlama işlərinə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə