Astarada istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib

Astarada istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, bu məqsədlə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda müxtəlif konfrans və seminarlar təşkil edilir, KİV-də istehlakçı hüquqları ilə bağlı məlumatlar yayılır, istehlakçı hüquqlarına dair müxtəlif bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılar və satıcılar arasında paylanılır.

Bu tədbirlərin davamı olaraq, martın 4-də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Astara rayonunda aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə Konfrans keçirilib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışaraq tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verib, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə