Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı azaldıldı

Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı azaldıldı

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinə II oxunuşdan sonra bəzi dəyişiklik edilib.

Onun sözlərinə görə, edilən dəyişikliklər razılaşdırılmış formada həyata keçirilib: "Layihənin hazırlanması ilə əlaqədar İşçi qrupu yaradılmışdı. İşçi qrupu layihənin III oxunuş üçün hazırlanmasında fəal iştirak edib. Layihənin Milli Məclisdə II oxunuşu zamanı edilən bütün təkliflər nəzərə alınıb".

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri, layihənin hazırlanması ilə əlaqədar İşçi Qrupunun üzvü Rauf Hacıyev çıxışı zamanı bildirib ki, layihədə prosedurlar daha da sadələşdirilib: "Qanun layihəsi III oxunuş üçün daha da təkmilləşdirilib. Prosedurlarla yanaşı, mürəkkəb cümlələr də sadələşdirilib, bir çox texniki dəyişikliklər edilib. Layihədə elektron lisenziya portalının yaradılması məsələsi də öz əskini tapıb. Bu, sahibkarların rahat şəkildə lisenziya alması üçün mütərəqqi addım hesab edilə bilər və məmurla lisenziya alan arasında olan münasibətləri tamamilə aradan qaldırmış olacaq. Lisenizya almaq istəyən şəxs bu portala daxil olub öz kabinetini açacaq və o zaman ona lisenziya kağız şəklində deyil, kod şəklində veriləcək. İstənilən yoxlama obyekti həmin kod vasitəsilə sahibkarın fəaliyyəti, icazələri və digər fəaliyyətləri haqqında məlumat əldə edə biləcək".

"Lisenziyalar və icazələr haqqında" qanun layihəsinə icazələrin siyahısının əlavə olunduğunu deyən R. Hacıyev söyləyib ki, icazələrin sayıxeyli azaldılıb: "Qanun layihəsinə edilən ən mühüm dəyişiklik lisenziyaların sayının 37-dən 36-ya endirilməsi ilə bağlıdır. Qanunun qəbul olunması lisenziyalaşdırılan fəaliyyət növlərini xeyli azaldacaq. Bundan başqa lisenziyalarla bağlı bildirişlər elektron formada təqdim olunacaq. Burada lisenziya verən orqan onu almaq istəyən şəxsə bildirişi telefon və ya elektron formada göndərə biləcək. Bunun kağız şəklində olması məsələsi aradan qaldırılır. Lakin sahibkar istədiyi zaman onu kağış şəklində ala bilər. Lisenziya alan fəaliyyət növləri sırasında yabanı bitki yığmı da var idi. Lakin qanun layihəsi III oxunuş üçün hazırlanarkən sözügedən fəaliyyət növünə lisenziya tələbi aradan qaldırılıb".

Daha sonra çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsinə ciddi dəyişiklik edilib. Millət vəkili müzakirələr zamanı icazələrin sayının azaldılması təklifi ilə çıxış edib.

Müzakirələr zamanı fikir bildirən millət vəkili Əli Məsimli qanun layihəsinin mükəmməl hazırlandığını, ölkə iqtisadiyyatının liberallaşması istiqamətində atılan mühüm addım olduğunu deyib.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə