Beynəlxalq yarmarkalar Azərbaycana nə verə bilər? EKSPERT ŞƏRHİ

Beynəlxalq yarmarkalar Azərbaycana nə verə bilər? EKSPERT ŞƏRHİ

"Beynəlxalq iqtisadi-ticarət yarmarkaları geniş ictimaiyyətə açıq və ya ancaq şirkət nümayəndələri üçün olmaqla iki formada təşkil olunur. Azərbaycanda belə yarmarkaların təşkilinin ölkə iqtisadiyyatına bir neçə istiqamətdə müsbət təsiri ola bilər". Bu fikirləri SİA-ya açıqlmasında iqtisadçı ekspert Kənan Aslanlı deyib.

O qeyd edib ki, ölkədə beynəlxalq iqtisadi-ticarət yarmarkaları təşkil edilsə, ilk növbədə yerli şirkətlər öz məhsul və xidmətlərini tanıtmaq üçün yeni platforma qazanmış olarlar: "Belə yarmarkalar zamanı yerli şirkətlər yeni xarici ticarət partnyorları tapıb beynəlxalq əməliyyatlarını genişləndirə bilər, yerli mal və xidmət istehsalçıları ən son qlobal bazar trendlərini öyrənmiş olarlar. Bu yarmarkalara gələn digər ölkələrin nümayəndələri öz məhsullarını nümayiş etdirmək və ya satış həyata keçirmək üçün müəyyən yer icarəyə götürməklə və digər xərclərlə ölkə iqtisadiyyatına töhfə vermiş olarlar".

İqtisadçının sözlərinə görə, Azərbaycanda beynəlxalq iqtisadi-ticarət yarmarkalarının təşkili üçün bu tədbirləri ciddi bir tanıtım strategiyası ilə regional və ya qlobal brendə çevirmək, bu çərçivədə ölkəyə gələn malları bütün növ məcburi ödənişlərdən azad etmək, yarmarka iştirakçısı olan xarici vətəndaşlara sadələşmiş viza və miqrasiya prosedurları tətbiq etmək kimi addımlar atmaq mümkündür. Bildirib ki, ilk mərhələdə belə yarmarkalar Türkiyə və Gürcüstan kimi qonşu ölkələrin iştirakı ilə regional, müəyyən məhsul və xidmət kateqoriyaları üzrə ixtisaslaşmış şəkildə keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə