Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib. Rayonda süni qiymət artımın qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən aşağı ərzaq malları, un, quş əti, yumurta, balıq və digər kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin 100-ə yaxın kəndli özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını yarmarkaya çıxarıb.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev yarmarkanın gedişatı ilə tanış olub.
Göyçaylılar satış-yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıq ediblər.
Rayon icra hakimiyyətinin şöbə müdiri Rəşad Şükürov AZƏRTAC-a bildirib ki, yarmarkada gün ərzində satışa 1 ton mal əti, 800 kiloqram qoyun əti, 2 ton meyvə, 3 ton tərəvəz, 2 ton bostan məhsulları çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan bir kisə un 21 manata, bir ədəd yumurta 12 qəpiyə, ev quşları 3 manat 50 qəpiyə, bir kiloqram mal əti 5 manata, bir kiloqram qoyun əti 6 manata, bir kiloqram balıq 2-3 manata təqdim edilib. Qiymətlər bazarla müqayisədə 30 faiz ucuz olub. Göyçayda kənd təsərrüfatı məhsullarının satışı-yarmarkası ənənəvi olaraq hər həftənin şənbə günü təşkil ediləcək.
Qeyd edək ki, Göyçayda növbəti yarmarkaya ətraf rayonların istehsal müəssisələri və kəndli fermerləri də cəlb olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB