"Appelyasiya şuralarının yaradılması sahibkarlığın inkişafına hədəflənib" AÇIQLAMA
"Bir neçə gün öncə dövlət başçısının sərəncamı ilə Prezidentin, eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında Appelyasiya şuralarının yaradılması birbaşa ölkədə son zamanlar baş verən iqtisadi böhranın fonunda sahibkarlığın inkişafına, bu sahədə neqativ halların qarşısının alınmasına yönəlmiş addımdır". SİA xəbər verir ki, bu fikirləri hüquqşünas Təbriz Raufoğlu Appelyasiya şuralarının yaradılmasının əhəmiyyəti barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaradılmış Şuraların əsasnaməsindən də göründüyü kimi bu qurumlar "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanununun müddəlarını rəhbər tutaraq əlahiddə şəkildə sahibkarların ərizə və şikayətlərinə, sahibkarlıq fəaliyyəti ilə bağlı olan işlərin araşdırılmasına cavabdeh olacaqlar: "Əslində indiyə qədər qanunvericiliklə belə halların araşdırılıb cavablandırılmasına həm normativ, həm də struktur baza olsa da yeni əsaslarla bu şuraların formalaşdırılması Prezidentin qeyd olunan sahədə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının klassik fəaliyyətindən narazılığı kimi də qəbul oluna bilər. Dövlət başçısı iyerarxik olaraq öz yanında da ixtisaslaşdırılmış şəkildə Appelyasiya şurasını yaratmaqla yerlərdə mövcud olacaq aidiyyatı şuraların işinə konkret nəzarət mexanizmini formalaşdırdı".
Hüquqşünas onu da əlavə edib ki, Prezidentin digər sərəncamları ilə təsdiq olunan mərkəzi və yerli icra hakimiyyətləri yanında Appelyasiya şuralarının nümunəvi Nizamnaməsinə görə, yaradılmış Şuralara konkret müraciət prinsipləri müəyyənləşib. Şuraya ancaq və ancaq sahibkarklıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər onların sahibkarlıq fəaliyyətini təsdiq edən rəsmi sənədlərini əks etdirməklə müraciət edə biləcəklər: "Şura edilən şikayətlərə müvafiq normativlərə uyğun şəkildə baxacaq və qərar qəbul edəcək. Qəbul edilən qərarlara əsasən edilmiş şikayət təmin edilə, qismən təmin edilə, təmin edilməyə və mahiyyət üzrə yeni qərar qəbul edilə bilər. Qərar maksimum daha anlaşıqlı olmalı və faktlara söykənməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB