İqtisadçı-ekspert Kənan Aslanlı kiçik sahibkarlığın dəstəklənməsi, kiçik biznesin qısamüddətli cari maliyyə tələbatının çevik ödənilməsi və mikromaliyyələşmə ilə məşğul olan kredit təşkilatlarının manatla kredit verəbilmə qabiliyyətinin artırılması üçün təkliflə çıxış edib. SİA-ya eksklüziv açıqlama verən ekspert qeyd edib ki, qısa müddətdə təcili maliyyə dəstəyinə ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes subyektləri üçün Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu mikrokreditlərin verilməsi vasitəsilə "Dövlət Sadələşmiş Mikromaliyyələşmə Proqramı"nın icrasına başlaya bilər: "Belə güzəştli mikrokreditlər yolu ilə aparılan mikromaliyyələşmə hansısa kiçik fermer təsərrüfatında yem xərclərindən tutmuş yerli istehsalçının hansısa cari logistika xərclərini ödəyib, cari problemini həll etməsinə qədər geniş bir spektrdə istifadə oluna bilər. "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın 5.1-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən müəyyən hədlərdə güzəştli kredit verilə bilər. Belə ki, hazırda Fondun kredit portfelinə 5 000 manatdan 50 000 manatadək kiçik həcmli kreditlər, 50 001 manatdan 500 000 manatadək orta həcmli kreditlər və 500 001 manatdan 10 000 000 manatadək böyük həcmli kreditlər daxildir".
İqtisadçı bildirib ki, cari biznes məsələlərinin həllində istifadə edilmək üçün SKMF mövcud təsnifatda məbləği 500 manatdan 5000 manata qədər olan və digər güzəştli kreditlərlə eyni faiz dərəcəsi ilə, yəni cəmi kredit məbləğinin 6 %-dən çox olmamaqla veriləcək mikrokreditləri də əlavə edə bilər: "Bu mikrokreditlərin Fondun digər vəsaitləri kimi sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilə, tələb olunan sənədlərin sayı minimuma endirilə bilər. Mikrokreditlər üçün qısa maliyyə planı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və şəxsiyyət vəsiqəsinin pin kodu əsasında onlayn müraciət proseduru da tətbiq edilə bilər. Müraciətçinin onlayn müraciətindən sonra Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən həmin kiçik sahibkarlıq subyektinin digər kredit borclarının olub olmaması yoxlanıla bilər. Elə müraciət günü ərzində də Fondun və ya müvəkkil təşkilatın kreditin verilməsi və ya imtina ilə bağlı qərarı ona bildirilə bilər".
K.Aslanlı deyib ki, təklif edilən sadələşmiş prosedur yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razışılaşdırılmalıdır: "Bu layihəyə ilk öncə pilot xarakterli və daha sonra kütləvi prosesə öz tövsiyyələri ilə dəstək vermək üçün Azərbaycan Mikromaliyyə Assosasiyası kimi peşəkar maliyyə birliklərini də cəlb etmək olar. Hesab edirəm ki, "Dövlət Sadələşmiş Mikromaliyyələşmə Proqramı" təbii ki, bütün gələcək kredit riskləri nəzərə alınmaqla icra olunarsa, hazırda bank olmayan kredit təşkilatları, kredit ittifaqları və mikromaliyyə ilə məşğul olan bankların maliyyə vəsaitlərinin cəlbini xeyli yaxşılaşdıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB