Macarıstan-Azərbaycan arasında gömrük əlaqələri müzakirə edilib
Yanvarın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Macarstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskini qəbul edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla Macarstan arasında təşəkkül tapmış qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açan komitə sədri, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərini yüksək qiymətləndirib, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizdə sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını bildirib. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırki durumunu yüksək qiymətləndirən səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Macarıstan ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan İmre Laslotski iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB