"26 Yanvar 2016-cı il tarixdə Azərbaycanın sosial-iqtisadi inkişafına həsr edilmiş konfrans keçirilib. Konfransda 2014-cü ildə qəbul edilmiş və 2014-2018-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı məsələləri müzakirə edilib. Ölkə başçısı qlobal dünya iqtisadi böhranı, neftin qiymətinin düşməsinin inkişafda olan ölkələrinin iqtisadiyyatlarına təsiri, dünya güclərinin maraqları, Avropada miqrasiya böhranı, multikulturalizm və digər mövzulara toxundu". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan qlobal siyasətə, iqtisadiyyata inteqrasiya olunduğu üçün təbii ki, baş verən proseslər ölkəmizə təsirsiz ötüşmədi: "Ölkə başçısı qeyd etmişdi ki, ötən il Azərbaycanın Ümumi daxili məhsulunun artımı 1.1% təşkil etdi. Təbii ki, keçən illərlə müqayisədə bu rəqəm böyük deyil. Lakin nəzərə alınsa ki, neftin qiyməti son 20 ay ərzində 149 ABŞ dollarından 30 dollaradək enib, əldə olunmuş artım tempi müsbət göstəricidir. İnkişafda olan digər ölkələrdə ÜDM artması deyil, resesiyya müşahidə olunur, iqtisadiyyatları kiçilir".
E.Əliyev bildirib ki, bu kontekstdə digər bir məqam qeyri-neft sektorunun artmasıdır: "Statistik göstəricilərə əsasən, bu sektor 8.4% artım nümayiş etdirdi. Şübhəsiz ki, 2016-cı ildə bu rəqəmin artması səbəbləri artıq bu gün liberal iqtisadi islahatların aparılması və ölkə rəhbərliyinin üzərində çalışdığı iri regional layihələrin reallaşdırılması kontekstində olacaq. Ölkə başçısı bu istiqamətləri bir daha vurğuladı və prioritetləri müəyyənləşdirdi:
* Kənd təsərrüfatı sektoru. Artım 6.6% təşkil etdi. Bu göstərici onu sübut etdi ki, hətta böhran şəraitində bu istiqamət təşəkkülünü tapıb.
* Energetika sektoru. "Cənub qaz dəhlizi layihəsi"nin reallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu strateji istiqamətdə "Şahdəniz", "Cənub Qafqaz boru kəməri", "TANAP", "TAP" seqmentləri üzrə 2016-cı ildə həlledici mərhələlərdən olacaq.
* Tranzit sektoru. Azərbaycan özünün tranzit potensialını 2015-ci ildə nümayiş etdirdi. İnfrastruktura investisiya olunmuş vəsaitlər özünün bəhrəsini verməyə başladı. Bu seqmentin inkişafı Azərbaycanı 2016-ci ildə loqistik mərkəzə çevrilməsi istiqamətində töhvəsini verəcək".
O əlavə edib ki, ölkə başçısı göstərilən istiqamətlər ilə yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Maraqlı məqam ondan ibarət oldu ki, dövlət rəsmiləri ilə yanaşı, konfransda ölkənin qeyri-neft sektorunda çalışan iş adamları iştirak etdilər. Konfransın formatı biznes yönümlü oldu və bu da Prezidentin mesajlarını bir daha vurğuladı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB