"Əgər 10-12 il bundan əvvəlki vəziyyətlə regionlarımızda olan indiki vəziyyəti müqayisə etsək, böyük inkişaf görərik. Bu gün regionların siması büsbütün dəyişib. Hazırda regionlarda istehsal sahələrinin, emal müəssisələrinin yaradılması bizim üçün prioritet istiqamətlərdəndir. Bunu yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat sahəsi üzrə keçirilən paneldə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsinin ölkə iqtisadiyyatına təsiri barədə məlumat verərək, bu mənfi təsirlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev tərəfindən lazımi tapşırıqların verildiyini bildirib. Son illər regionlarda sosial-iqtisadi sahədə görülən işlərdən də danışan Ş.Mustafayev deyib: "Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin bu sahəyə nə qədər önəm verdiyini göstərir. Hazırda qarşımızda duran əsas məqsəd idxaldan asılılığın azaldılmasından ibarətdir. Bunun üçün isə ölkədə sahibkarlıq inkişaf etdirilməlidir. Bu istiqamətdə bir çox tədbirlər görülüb. Güzəştlərin tətbiq olunması, yoxlamaların dayandırılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və digər tədbirlər, ümumilikdə, bu sahənin inkişafına təkan verəcək. Prezident İlham Əliyev rayonlarda sənaye məhəllələrinin yaradılması ilə bağlı qarşımızda çox ciddi vəzifə qoyub. Artıq Neftçalada bu işə başlanılıb və xeyli iş görülüb. Hər bir icra strukturu, sahibkar bu işə daha çox önəm verməlidir. Rayonlarda infrastrukturlara yaxın müvafiq yerlər seçilməli və orada sənaye məhəllələri yaradılmalıdır. İşığı, qazı, suyu və digər kommunal infrastrukturu olan yerin seçilməsi sahibkarın xərcini, həmçinin oraya yatırılacaq investisiya xərcini 30-40 faiz azalda bilər. Sahibkarları bu xərcdən azad etsək, onlar həmin vəsaitləri avadanlıqların alınmasına və digər işlərə yönəldə bilərlər. Sənaye məhəlləsinə ümumi yol çəkilə bilər ki, həmin yoldan da hər bir sahibkar istifadə edər. Sahibkarlar bir yerdə cəmləşərsə, orada bank, vergi, notarial və digər xidmətləri də təşkil etmək olar ki, onların işi daha da asanlaşsın. Sonra isə biznes inkubatorların yaradılması məsələsinə də baxıla bilər".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB