Kamran Nəbizadə: "Özəl sektorun inkişafı Azərbaycanın iqtisadi rifahının təminatıdır" ŞƏRH
"Dünyada gedən proseslər, qlobal iqtisadi böhranın uzun müddət davam etməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. 2015-ci ildə baş verən hadisələr, neft qiymətlərinin kəskin aşağı düşməsi və bir sıra fond birjalarının çökməsi ilə bağlı dünya iqtisadiyyatında iqtisadi böhran meyillərinin güclənməsi ölkə iqtisadiyyatının sağlamlaşdırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini şərtləndirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.
Kamran Nəbizadə qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq qərarları ilə həyata keçirilən bütün tədbirlər ölkə iqtisadiyyatının şəffaflığının təmin edilməsi, neft amilindən asılılığın azaldılması, ölkənin bundan sonrakı iqtisadi inkişafında qeyri-neft sektorunun rolunun yüksəldilməsi, azad rəqabət mühitinin və inhisarçılıqla mübarizənin artırılması kursunun bariz ifadəsi oldu: "Respublikanın icra, vergi, gömrük və maliyyə orqanlarının şəffaflığının təmin edilməsi, vergi və gömrük prosedurlarının sadələşdirliməsi, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, idarəetmə sahəsində islahatların aparılması məqsədilə bir sıra normativ aktlar qəbul edildi. Eyni zamanda, bu hadisələr cəmiyyətimizin həyatındakı bəzi çatışmazlıqları, daha doğrusu, Azərbaycan cəmiyyətinin sahibkarlıq fəaliyyətinə səhv yanaşmalarını üzə çıxardı. Belə ki, insanlar dövlət strukturlarına daxil olmağa can atır, biznes sahəsinə getmək istəyənlər isə azdır. Bunun izahı odur ki, sahibkarlıq fəaliyyəti istər kiçik, istər orta, istərsə də böyük biznes olsun, bir çox risklər daşıyır, halbuki dövlət sektorunda çalışmaq o qədər yüksək olmasa da, ən azından stabil gəlir vəd edir. Məhz xalqımızın düşüncə tərzindəki bu stereotipi sındırmaq və xüsusilə iqtisadiyyat, bütövlükdə cəmiyyət üçün sahibkarlıq fəaliyyətinin prioritetliyini müəyyən etmək lazımdır. Hamı tərəfindən qeyri-şərtsiz qəbul olunmalıdır ki, iqtisadiyyatın məhz özəl sektorunun inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılmasının, büdcənin doldurulması və ölkə iqtisadiyyatının gələcək inkişafının təminatıdır. Bunun üçün kiçik və orta biznesin iqtisadiyyatın əsas lokomotivləri kimi tam və vaxtında dəstəklənməsi lazımdır. Mərkəzi və yerli idarəetmə orqanları sahibkarlıq fəaliyyətinin inkişafına hərtərəfli yardım etməli, onların qarşısına çıxan problemlərin mahiyyətinə bələd olmalı və həlli yollarını axtarmalıdırlar. Bundan əlavə dövlətin və biznesin siyasəti qarşılıqlı olmalıdır; sahibkar sinfinin nümayəndələri də həmçinin dövlət qarşısındakı öhdəliklərini hökmən yerinə yetirməlidirlər".
Deputat həmçinin manatın devalvasiyasından sonra bəzi müəssisələr tərəfindən qiymətlərin qaldırılmasına da münasibət bildirib. O qeyd edib ki, son günlər qiymətlərin hədsiz dərəcədə qaldırılması kimi yolverilməz halların şahidi olduq: "Maya dəyərində "idxal komponenti" olmayan və ya cüzi olan yerli məhsulların da süni bahalaşmasını müşahidə etdik. Sahibkarlar vergi öhdəliklərinin dəqiq və sözsüz yerinə yetirilməsinin, qiymətlərin spekulyativ şəkildə qaldırılması hesabına artıq qazancın əldə olunmasının onlar tərəfindən yolverilməzliyini dərk etməlidirlər. Bütün bunların məcmusu da cəmiyyətin "milli biznes psixologiyası" adlanır. Onu da qeyd etmək istərdim ki, maliyyə mexanizmlərinin və alətlərinin köməyi ilə dövlət tərəfindən "sahəvi prioritetlər" siyasətinin həyata keçirilməsi iqtisadi inkişafın dinamikasına əsas təsir vasitəsi kimi çıxış edir. Bu, o deməkdir ki, dövlət iqtisadiyyatın daha prioritet sahələrini müəyyən edərək həmin sahələrdə vergi və digər güzəştləri əməli və çevik surətdə tətbiq etməli, yerli məhsulların ixracı üçün gömrük tariflərini azaltmalı, yaxud yerli istehsalı qorumaq üçün idxal rüsumlarını artırmalıdır. Hazırda kənd təsərrüfatını belə sahələrdən biri kimi misal göstərə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildə keçirilən və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşdırılmasına həsr edilən konfransındakı nitqində qeyd etdi ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə əhəmiyyətli dərəcədə təmin edə bilir, lakin bu məsələ tam olaraq öz həllini tapmayıb. Ölkə Prezidenti öz nitqində statistik rəqəmlərlə kənd təsərrüfatının böyük daxili və ixrac potensialına malik konkret sahələrini də müəyyənləşdirdi. Azərbaycan bəzi qida, heyvandarlıq və bitkiçilik məhsullarına olan tələbatının yalnız 60-90%-ni ödəyir. Həmin istifadə olunmamış potensialın canlandırılmasını indiki şərait daha da aktuallaşdırmaqla aqrar sektorda sahibkarlıq fəaliyyətinin gücləndirilməsini və sərmayə yatırımlarının cəlb olunmasını tələb edir. Bütün bunlar hazırda dövlət tərəfindən həyata keçirilən kənd təsərrüfatı müəssisələrinə ünvanlı maddi yardımların, maliyyə və inzibati güzəştlərin göstərilməsi ilə bərabər bu sahənin gələcək inkişafına real zəmin yaradacaq. Bu isə öz növbəsində daxili bazarın yerli kənd təsərrüfatı məhsulları ilə tam təmin olunmasına gətirib çıxarmaqla istehlak bazarında məhsul təklifinin artmasına və malların qiymətinin aşağı düşməsinə səbəb olacaq".
Deputat son olaraq ictimaiyyəti "iqtisadi kataklizmlər"lə qorxudan bəzi cəmiyyət üzvlərinin populist çıxışlarına toxunaraq bildirib ki, bu qəbildən olan, heç nəyə əsaslanmayan proqnozlar ölkənin sosial-iqtisadi təhlükəsizliyinə ziyan vurur və xalqa xaosdan başqa heç nə vəd etmir: "Onların addımbaşı tənqid etdiyi devalvasiya siyasətinin tətbiq olunması isə dövlətə böyük həcmdə maliyyə resurslarına qənaət etməyə imkan verir, hansı ki, milli valyutanın kursunun qorunmasına yönəldildi, gələcəkdə isə cəmiyyətin sosial problemlərinin həllinə sərf olunacaq. Dövlət bundan əlavə iqtisadi və fiskal metodlarla devalvasiya prosesinin əks təsirləri, yəni qiymətlərin artması ilə də mübarizə aparır. Əminəm ki, iqtisadiyyatın bundan sonrakı uğurlu inkişafı üçün dövlət əlindən gələni edəcək və Azərbaycan xalqı hazırkı iqtisadi çətinliklərdən ləyaqətlə çıxacaq. Başlıcası odur ki, bizim əsas nailiyyətimiz - cəmiyyətimizin və dövlətimizin sabitliyi qorunub saxlansın. "Milli biznes psixologiya" da ilk növbədə məhz bu məqsədə xidmət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB