Fiziki şəxslərin əmanətləri vergidən azad ediləcək

Fiziki şəxslərin əmanətləri vergidən azad ediləcək

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 3 il müddətində vergidən azad ediləcək. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Vergilər Məcəlləsi"nə ediləcək dəyişikliklər barədə müzakirələr zamanı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, "Vergilər Məcəlləsinin" 102.1.22. maddəsi fevralın 1-dən etibarən aşağıdakı kimi təsdiq ediləcək:

"2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri".

Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə görə, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə