Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova bankları ciddi tənqid edib. SİA-nın məlumatına görə, millət vəkili xüsusilə "Bank Technique"nın öz müştərilərini aldatdığını, əmanətlərini qaytarmadığına diqqət çəkib.
O bildirib ki, Prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verib: "Prezident dedi ki, sosial durum əsas olacaq. Əhali dövlət başçısının bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sistemində yaradılan inamsızlıq aradan qaldırılmalıdır. Heç də bütün ajotajı əhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən insanlar evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. Lakin "Bank Technique"da,"Beynəlxalq Bank"da xoşagəlməz proseslər baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Bütün bunlar sıravi insanların başında partlamamalıdır. "Bank Technique" əhalinin əmanətlərini hələ də qaytarmayıb. Üstəlik də pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb".
Deputat qeyd edib ki, banklar dollar satmırlar, nəticədə qara bazar yaranır: "Mən özüm banka getdim, dedilər dollar yoxdur. Səbəbini soruşduqda dedilər ki, Mərkəzi Bank məzənnəni elan etsə də, dollar satmayıb. Amma qara bazarda dollar satırdılar. Bundan kim qazandı? Təbii ki, 4-5 nəfər. "Bank Of Azerbaijan" bağlanıb. Orada olan əmanətlərin taleyi "Bank Technique"dakı əmanətlərin taleyi kimi olmayacaqmı? Bunlar ciddi məsələdir".
Millət vəkili əhalinin dollarla olan kreditlərinin ödənişlərində yaşanan problemə də toxunub. Bildirib ki, heç olmasa, 10 min dollara qədər kreditlərlə bağlı yüngülləşdirici addımlar atılmalıdır: "Borc alanlar heç olmasa o kreditləri dekabr ayındakı devalvasiyadan əvvəlki məzənnə ilə qaytarsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB