Fuad Muradov: “Banklardakı vəziyyətlə bağlı insanlara məlumat vermək lazımdır"

Fuad Muradov: “Banklardakı vəziyyətlə bağlı insanlara məlumat vermək lazımdır"

Milli Məclisin növbədənkənar iclası davam edir. SİA-nın məlumatına görə, Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, son zamanlarda iqtisadi məsələlərlə bağlı əsassız olaraq bir çox mənfi fikirlər səsləndirilsə də, iqtisadiyyatımızın inkişafı davam edir: "Cənab Prezidentin son zamanlar həyata keçirdiyi güclü islahatlar bir daha göstərdi ki, Azərbaycanın gücü və potensialı var, xalq isə bunu yaxşı qəbul edir. Dövlət başçısının bu istiqamətdə çox dəqiq planları, proqramları var".

Millət vəkili qeyd edib ki, bütün dünyada böhran hökm sürür: "2008-ci ildə dünyada böhran olanda Azərbaycanın düzgün siyasəti nəticəsində xalqmız bunu hiss etmədi. Amma böyük ölkələr, Avropa ölkələri, xüsusən bu istiqamətdə fəaliyyət göstərən neft ölkələrinə böyük təsir etdi. Azərbaycan məhz bu təsirdən yan keçmişdi. Uzun müddət belə vəziyyətin olmaması üçün addımlar atılmışdı".

Azərbaycanda bankların sayının sürətlə artdığını deyən F. Muradov qeyd edib ki, "Əmanətlərin sığortalanması cəmi 30 min manata qədər idi: "Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti nəticəsində inanırıq ki, insanlar daha etibarla banka gedəcək, bütün fəaliyyətlərini və işlərini bank vasitəsilə həyata keçirəcəklər. Ona görə əmanətlərin tam sığortalanması dəyərli yanaşmadır. İnanıram ki, ciddi şəkildə dəyişiklər olacaq. Eyni zamanda 10 faiz depozit vergisinin götürülməsi nəticədə insanların banka ertibarını artıracaq".

Komitə sədri vurğulayıb ki, Mərkəzi Bankın bu günə qədər bütün banklara olan eyni yanaşması bundan sonra da davam etməlidir.

"Banklardakı vəziyyətlə, problemlərlə bağlı məlumat vermək lazımdır ki, insanlar banklarda hansı problemlərin olduğunu bilsinlər. Yoxsa heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar var. Sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar fəaliyyət göstərir. İnsanların məlumatlandırılması vacibdir və bu, insanların iqtisadi sistemə etibarı deməkdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var" -deyə, millət vəkili əlavə edib.

Qanun layihələrindəki dəyişiklər barədə danışan deputat bildirib ki, atılan addımlar dövlətə inamı artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə